Uşaq niyə pis yeyir?


Digərləri 01 Noy 2018 21:35:00 320 0

Uşaq niyə pis yeyir?

Susuzluq və aclıq hissi insanın minilliklər boyu sağ və sağlam qalmasına səbəb olan əsas instinktlərdəndir.

Bu faktı unudaraq qidanın bol olduğu müasir dövrdə bütün anaları narahat edən əsas məsələlərdən biri uşağın "zəif" yemək yeməsidir. Əksər hallarda uşağın iştahı "zəif" deyil, əslində ananın narahatlığı əbəsdir. Sağlam qida üzrə mütəxəssis Rebecca Byrne qeyd edir ki, daha çox analar uşaqların kifayət qədər yeməməsi və az çəki almasına görə narahat olaraq, uşaqları normalarından artıq yemələrinə təzyiq göstərirlər. Müasir dövrdə uşaqların qidalanması onların aclıq və susuzluq instiktinə uyğun olaraq deyil, ananın uşağı nə vaxt və hansı miqdarda yedizdirmək istəyi ilə həyata keçirilir.

Son.az vib.az-a istinadən bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistik məlumata görə dünyada 2013-ci ildə 42 milyondan artıq 5 yaşından kiçik uşaq piylənməyə məruz qalmışdırlar. Harvard Universitetinin hesablamalarına görə isə son 20 ildə müvafiq yaş uşaqların piylənməsi 60% artmışdır. İnsanın mədəsinin ölçüsü simvolik olaraq yumuruğu ölçüsündə olması faktı məlumdur. Uşaqlar həmçinin mədə anatomiyası hələ tam yetkinləşməmişdir. Mədənin genişlənmə qabiliyyətini malik olmasını nəzərə alaraq gələcəkdə uşağın normadan artıq yeməsi piylənmə probleminə səbəb ola bilər.

Professor Catherine Law 12 min nəfər 3 yaşlı uşaqlar arasında apardığı araşdırmanın nəticələrinə görə müntəzəm olaraq nənə və baba tərəfindən qayğı görən uşaqlar 3 dəfə daha çox piylənməyə məruz qala bilərlər. Səbəb nənə-babanın uşağı zərərli qida ilə şirnikdirmələrindən irəli gəlir. Adətən uşaqları yedizdirmək üçün nəinki nənə-baba, ana-ata aşağıdakı metodlardan istifadə edirlər:

Yeməyi israf etməmək. Boşqabı nəyin bahasına olursa olsun, təmiz olana kimi yeyib bitirməyə alışdırmaq doymaq hissinə əsasən qidanı qəbul etməyə mane olur.

Yeməklə mükafatlandırmaq. Valideynin istədiyi miqdarda yeməyi yeyib bitirdiyi təqdirdə uşağa mükafat qismində xoşladığı başqa bir şey etmək, vermək düzgün deyil. Bu üsul istənilən yeməkdən sonra mütləq şəkildə hər hansı bir şirniyyatın qəbulu vərdişini və ya hər hansı şirni yeməmişdən öncə mütləq qida qəbul etməsi vərdişinin əsasını qoyur. Nəticədə insan lazım olandan qat-qat çox kalori qəbul etmiş olur.

Yeməklə cəzalandırmaq. Uşağa yemədiyi təqdirdə hədə-qorxu gəlmək onda yeməyə qarşı ciddi ikrah hissi oyada bilər. Üstəlik xoşlamadığı yeməkdən nəyin bahasına olursa olsun can qurtarmaq üçün uşaqlar yalan və digər xoşagəlməz xassələrə yiyələnirlər.

Yedizdirərkən diqqəti yayındırmaq. "Təyyarə gəlir, ağzını aç", "Bunu ananın, bunu atanın əvəzinə" oyunları, dilə tutmaq, nağıl danışmaq, cizgi filmi göstərmək kimi üsullar qida qəbulu ilə paralel nə isə etmək vərdişi yaradır. Yemək yeyənin fikri boşqabından kənara yayındıqda isə o doyma hissini ötürür və lazımından artıq qida qəbul etmək təhlükəsi ilə üzləşir.

Yeməklə təsəlli vermək. Əhvalı olmayan, uğursuzluq, ağrı və digər fiziki və emosional narahatlıq yaşayan uşağa təsəlli vermək məqsədi ilə ona dadlı və ya maraqlı qida hazırlamaq, vermək böyüdükdə hər dəfə stress və ya əhval düşkünlüyü keçirdikdə qidaya təsəlli mənbəyi kimi müraciət etmək vərdişi yaradır.