Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi


Digərləri 01 Noy 2018 19:10:00 284 0

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Son.az xəbər verir ki, gündəlikdəki ilk məsələ Mətbuat Şurasına yeni üzvlərin qəbulu olub. MŞ sədri məlumat verib ki, Şuraya üzv olmaq üçün 70-dən çox kütləvi informasiya vasitəsi müraciət ünvanlayıb. Həmin müraciətlər "Mətbuat Şurasına üzvlük qaydaları"na uyğun olaraq nəzərdən keçirilib. Ümumilikdə media orqanlarının bir çoxu üzvlük qaydalarındakı tələblər çərçivəsində fəaliyyət göstərdiyini təsdiqləyib. Buna görə də növbəlilik əsasında üzvlüyə qəbulun həyata keçirilməsi qərara alınıb. Müzakirələrdən sonra "ilkxeber.org", "belediyye.info", "qaziler.az", "musteqil.az", "qht.az", "azinforum.az", "bakutime.az", "big.az", "sim-sim.az", "kobramedia.az", "sonxeber.az", "metbuat.az", "tehsil-press.az", "missiya.az" saytları, həmçinin "Türkologiya" jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.

Gündəlikdəki ikinci məsələ Şuranın Katibliyinin qurumun ötən 9 ay ərzində gördüyü işlərə dair hesabatının müzakirəsi olub. MŞ-nin icraçı katibi Şəmsəddin Əliyev məlumat verib ki, ötən müddətdə quruma ümumilikdə 651 müraciət daxil olub. Bunlardan 470-ni şikayətlər təşkil edib. Şikayətlərdən 225-i çevik araşdırma nəticəsində həllini tapıb. 155 şikayət üzrə əlavə araşdırmalara ehtiyac yarandığından Katiblik tərəfindən baxılmaqdadır. 87 şikayət Şuranın Şikayətlər üzrə Komissiyasının iclasında nəzərdən keçirilib, müvafiq rəylər qəbul edilib. Şikayətlərdən başqa MŞ-yə mənzil məsələləri, MŞ-yə üzv qəbul olunmaqla, jurnalistlərə fəxri adların verilməsi ilə bağlı da müraciətlər də daxil olub. Hesabat səsə qoyularaq qəbul edilib.

MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi komissiyanın hesabat müddətində 20-dək məsələni müzakirə etdiyini diqqətə çatdırıb. Bunlardan 4-ü əsasında cavabdeh KİV-in adının Şuranın "qara siyahı"sına daxil edilməsi rəyinə gəlinib. Bunlar "azeuronews.com", "tendensiya.com", "milliyol.az" saytları və Dövrün nəbzi İnformasiya Agentliyidir ("dovrunnebzi.com"). İdarə Heyəti sözügedən KİV-lərin adlarının Şuranın "qara siyahı"sına daxil edilməsinə dair qərar çıxarıb.

MŞ-nin Şikayətlər üzrə Komissiyasının sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli komissiyanın 87 şikayətə baxdığını vurğulayıb. Bu şikayətlərdən bir çoxu barədə rəylər çıxarılıb, həmçinin Şuranın "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasına, eləcə də İdarə Heyətinə təqdimatlar verilib. İdarə Heyəti iclasda komissiyanın rəylərindən 5-i ilə bağlı müvafiq qərar qəbul edib. Həmin qərarlarda cavabdeh KİV-lərə qarşı tərəfin mövqeyinə aydınlıq gətirmək, təkzib və üzrxahlıq mətninin dərci tövsiyə olunub. İdarə Heyəti həmçinin Şikayətlər üzrə Komissiyanın "demokratik.az" saytı ilə bağlı 24 oktyabr 2018-ci il tarixli rəyinin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair qərar qəbul edib.