Allahşükür Paşazadə İspaniyaya səfərə gedəcək


Digərləri 01 Noy 2018 16:41:00 306 0

Allahşükür Paşazadə İspaniyaya səfərə gedəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür.

Bakı. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 3-də İspaniyaya səfərə yola düşür. İdarədən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İspaniyanın Ədliyyə Nazirliyi və Evsen Fondunun birlikdə təşkil etdiyi «Dinlərarası dialoqun sülhə və qarşılıqlı anlaşmaya töhfəsi» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir. Dünyada sülhün, əmin-amanlığın, multikulturalizmin, dinlər arasında əlaqələrin möhkəmlənməsinə öz töhfəsini vermək məramı daşıyan Beynəlxalq Konfrans Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ili "Multikulturalizm İli", 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmək kimi qlobal ideyalarının, habelə mədəniyyətlətarası dialoqa dair 10 illik Bakı Prosesinin həyata keçirdiyi məramların inkişafı və beynəlxalq müstəvidə davamlı təbligi və təşviqi işinə xidmət edir. Beynəlxalq Konfransın əsas məqsədi: dinlər və sivilizasiyalararası dialoqun əməkdaşlığa doğru inkişaf etdirilməsi; dini tolerantlıq və multikulturalizm ənənələrinin təbliğ olunması; müasir dünyanı narahat edən problemlərə, təhdid və çağırışlara dair Konfrans iştirakçılarının birgə mövqeyinin bildirilməsidir. "Multikulturalizm İli", "İslam Həmrəyliyi İli" çərçivəsində ötən illərdə İspaniyada keçirilmiş mötəbər forumların ardınca Madriddə sayca üçüncü Beynəlxalq Konfransda Azərbaycan Respublikasının hökumət və parlament üzvləri, Azərbaycanın tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı nəzərdə tutulur. Dinlərarası münasibətlərin, multikultural mühitdə birgə həyat tərzinin və dini tolerantlığın Azərbaycan modelini dünya ictimaiyyətinə təqdim etmək məqsədilə təşkil olunan beynəlxalq tədbirdə Azərbaycanı QMİ sədri ilə bərabər ölkəmizdəki dini konfessiyaların başçıları — RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı Katolik icmasının Yepiskopu Vladimir Fekete təmsil edəcəklər.