“90FM” yeniləndi İlk verilişinə başladı


Kriminal 01 Noy 2018 14:34:00 291 0

“90FM” yeniləndi   İlk verilişinə başladı

Təzə mövsümə yeni nəfəs ilə başlayan və bir çox maraqlı layihələri Azərbaycan efir məkanına gətirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin "90-FM" radiostansiyası test rejimini yekunlaşdıraraq ilk verilişinə başlayıb.

Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən Son.az-a bildirilib ki, artıq noyabrın birindən radioda səhər proqramı dinləyicilərə təqdim olunub.

"Adicə" adlanan səhər şousunun aparıcıları Sevinc Salahova və Gülnar Muradovadır. İnsan münasibətləri haqqında öncül olmağa iddialı səhər verilişində dinləyiciləri həm də fərqli rubrikalar gözləyir. "App-Asan" rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiqetmələr barədə məlumat veriləcək. Rubrikalardan biri də "Qənaət kraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq.

Radionun daha bir layihəsi isə indiyədək müraciət edilməyən mövzudadır. "İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək. Aparıcı Xuraman Süleymanlı naharda iş adamları və biznes sahibləri ilə onların işi barədə söhbətləşəcək. Verilişdə həmçinin sahibkar dinləyicilərin öz biznesləri barədə danışmaq imkanı olacaq. Radiosevərlər "İdarəetmənin əsasları" verilişinin "Milyonerlər məhəlləsi" adlanan rubrikasında milyonçu və milyarderlərin böyük pullara gedən həyat yolu barədə eşidəcəklər.