"Reketlər"ə görə Mətbuat Şurasına hücum edənlərin məqsədi nədir?


Digərləri 01 Noy 2018 13:45:00 292 0

"Reketlər"ə görə Mətbuat Şurasına hücum edənlərin məqsədi nədir?

Media ekspertləri "reket jurnalistlər"in fəaliyyətini Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirirlər.

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Realliq.info" saytının baş redaktoru İkram Rəhimovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılması, Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməsi bir neçə gündür medianın əsas mövzusuna çevrilib. Təbii ki, İ.Rəhimov və onun kimilərin əməlləri bütün vaxtlarda peşəkar jurnalistlər tərəfindən hiddətlə, narazılıqla qarşılanıb. Son olayda da "reket jurnalistika"ya qarşı mübarizə məsələsi media cameəsinin mütləq əksəriyyəti tərəfindən təqdir olunub. Bununla yanaşı, sosial mediada bir qrup şəxs baş verənləri başqa səmtə yozmağa, siyasiləşdirməyə, birbaşa olmasa da dolayısı ilə İ.Rəhimov və onun kimilərini müdafiə edən statuslar yazmağa başlayıblar. Ortada əsaslı fakt olduğu halda belə şəxslərin davranışının səbəbi, loru dildə desək, "qarın ağrılarının" nədən ibarət olması barədə media ekspertlərinin fikrini öyrəndik.

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli mövzu ilə bağlı "Kaspi"yə açıqlamasında bildirib ki, "reket jurnalistləri" müdafiə edənlər elə onların səviyyəsində, əqidəsində olan, fərqli qütblərə xidmət edən insanlardır. Onun sözlərinə görə, bu tip adamlar Azərbaycanda cinayətkarlığa, hətta terrora qarşı mübarizə aparılanda belə, haqlı tərəfin əksinə mövqe ortaya qoymağa çalışırlar: "Belə davranışla onlar müəyyən qüvvələrə xidmət etdiklərini açıq şəkildə ortaya qoyurlar. Digər bu kimi qruplar da var ki, onlar "reket mətbuatın" yanında olan, gözəgörünməz qüvvələri dəstəkləyən adamlardır. Himayə altında olan həmin qrup da məsələyə fərqli aspektdən yanaşır. Ən nəhayət, başqa bir qrup insanlar da var ki, onlar "reket jurnalistlərin" yaxın ətrafını təşkil edirlər. Bu şəxsləri də "reket" şəbəkə üzvü, eyni "fəaliyyətlə" məşğul olan qrupa aid etmək olar. Azərbaycan Mətbuat Şurası üzərinə hücumun təşkil edilməsi məqsədyönlü xarakter daşıyır. Çünki Mətbuat Şurası ötən illər ərzində yalnız "reket jurnalistika" ilə mübarizə aparmayıb. Şura Azərbaycanın informasiya təhlükəsizliyinə yad elementləri gətirməyə çalışanlara, ölkəmizin informasiya məkanını milli maraqlarımıza zidd fəaliyyət göstərən qüvvələrin, xüsusən də işğalçı Ermənistanın və onun himayəçisinin arenasına çevirmək istəyənlərə qarşı dayanıb. Azərbaycanın milli-dövlətçilik maraqlarının qorunması istiqamətində üzərinə düşən vəzifəni, işi, fəaliyyəti həyata keçirib. Bu kimi səbəblərdən də Mətbuat Şurası üzərinə edilən hücumların mahiyyətində qurumun "reket jurnalistika"ya, informasiya təhlükəsizliyimizi təhdid edən qüvvələrə qarşı çıxış etməsi dayanır. Onlar Mətbuat Şurasının üzvlərinin, İdarə Heyəti tərkibində yer alan şəxslərin "reket jurnalistika"ya qarşı ortaya qoyduqları birmənalı mövqeni sındırmağa, bu yolla onların iradəsinə təsir etməyə çalışırlar. Bu baxımdan, "reket jurnalistlər"in məsələsi sadəcə jurnalistika və jurnalistlik fəaliyyəti ilə əlaqəli deyil. Burada bir çox amillər, səbəblər var. Onların bir qismi açıq şəkildə görünməsə də cəmiyyət, Azərbaycan xalqı baş verənlərin fərqindədir. Ümumən Azərbaycan mediası, milli-dövlətçilik maraqlarımıza xidmət edən, informasiya təhlükəsizliyimizin təmin olunmasında maraqlı olan insanlar "reket jurnalistika"nın qarşısını almaq, "reket jurnalistləri" müdafiə edən qüvvələrin sonuna çıxmaq əzmindədirlər".