""Doing Business" hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir"


Digərləri 01 Noy 2018 13:15:00 272 0

""Doing Business" hesabatında Azərbaycanın yüksələn reytinqi yürüdülən siyasətin məntiqi nəticəsidir"

Dünya Bankı tərəfindən hazırlanan "Doing Business 2019" hesabatında Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərin yüksək şəkildə qiymətləndirilməsi bir daha belə deməyə əsas verir ki, öz reytinq və nüfuzuna görə ölkəmiz bir sıra aparıcı dövlətləri geridə qoyur və bununla öz iqtisadi qüdrətini sübut edir.

Son.az xəbər verir ki, bunu Trend-ə ekspert, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyinin dünyanın ən mötəbər reytinqlərində irəliləməsi bilavasitə Prezident İlham Əliyev tərəfindən aparılan kompleks iqtisadi islahatlar siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətdir:

"Son illərdə sahibkarlığın inkişaf etdirilməsi sahəsində dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, biznesin təşkili üçün sərf olunan xərclərin azaldılması və vaxt tutumlu müxtəlif qeydiyyat prosedurlarının sadələşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Məhz bu baxımdan beynəlxalq aləmdə biznes mühitinin rahatlığı üzrə göstəriciləri özündə əks etdirən hesabatlardan sayılan "Doing Business" reytinq hesabatı ölkəmizdə əldə edilmiş nailiyyətləri növbəti dəfə təsdiq edir".