Azərbaycanda yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb


Digərləri 01 Noy 2018 10:17:00 254 0

Azərbaycanda yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalıb

Yeni Məşğulluq Strategiyası məşğulluğun təminatında növbəti mühüm addımların atılmasına imkan verəcək

Bakı. Ölkəmizdə dinamik və uzunmüddətli iqtisadi tərəqqinin təmin edilməsi şəraitində insan kapitalının inkişafı, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv əmək bazarının inkişafı və layiqli əməyin təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin başlıca hədəfləri sırasındadır. Trend-in məlumatına görə, dövlət başçısının 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” da bu hədəflərə doğru yeni mühüm addımların atılmasına və nailiyyətlərin əldə olunmasına imkan yaradır. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1068 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006–2015-ci illər)” uğurla icra olunub. Həmin Strategiyanın icrası dövründə işsizlik səviyyəsi 7,3 faizdən 5 faizədək, yoxsulluq səviyyəsi 29,3 faizdən 4,9 faizədək azalmaqla, əhalinin gəlirlərində 5,2 dəfə, minimum əməkhaqqında 3,5 dəfə, orta aylıq nominal əməkhaqqında 3,8 dəfə artıma nail olunub. Əmək bazarında inkişaf meyllərinin davamlı xarakter alması, məşğulluğun və ümumən iqtisadi fəallığın artırılmasına əlverişli şəraitin yaradılması, işçi qüvəsinin rəqabət qabiliyyətinin artırılması və digər vacib istiqamətlərdə kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısının müvafiq Sərəncamları ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılıb, Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib. Həmçinin sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiyası məqsədilə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılıb.