Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib FOTO


Digərləri 31 Okt 2018 23:25:00 397 0

Böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib  FOTO

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyində böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal Paşayevin xatirə gecəsi keçirilib. Son.az Trend-ə istinadən bildirir ki, tədbir çərçivəsində Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı" kitabı, həmçinin Mir Cəlal Paşayev və Firidun Hüseynovun "XX əsr Azərbaycan ədəbiyyatı" dərsliyinin yenidən işlənmiş dördüncü nəşri təqdim edilib.

Sönməyən işıqlar

Xatirə gecəsində Nizami Gəncəvi adına Milli Ədəbiyyat Muzeyinin direktoru, akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatında mövqeyindən söz açıb. Qeyd edib ki, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Əhməd Cavad, Abdulla Şaiq, eləcə də Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Heydər Hüseynov kimi ədəbiyyatşünas alimlər Azərbaycanın gələcəyi üçün öz zəkası və qələmləri ilə işıq yandırmış insanlardır. Onların yandırdığı bu işıq Azərbaycan xalqının yolunu daim aydınlaşdıracaq.

Altmış il əvvəl, 1958-ci ildə Füzulinin vəfatının 400 illiyinin Azərbaycanda qeyd edildiyini xatırladan akademik Rafael Hüseynov Mir Cəlal Paşayevin həmin il nəşr etdirdiyi "Füzuli sənətkarlığı" kitabını ölkəmizdə müasir füzulişünaslığın əsasını qoyan əsər kimi səciyyələndirib. Diqqətə çatdırıb ki, görkəmli ədib 1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Sonralar bu əsəri təkmilləşdirərək "Füzuli sənətkarlığı" adı ilə nəşr etdirib. Kitab "Ədibin Evi" tərəfindən Mir Cəlalın 110 illik yubileyi münasibətilə yenidən çap olunub. Muzeyin direktoru bu kitabın nəşrini işığın qayıtması kimi dəyərləndirib.

Hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər

Mir Cəlalın tələbəsi olmuş Xeyrulla Əliyev müəllimi ilə bağlı xatirələrini bölüşüb. "İndi qəribə görünsə də, o dövrdə ali məktəblərdə dərsə davamiyyət jurnalları rus dilində yazılırdı. Bu səbəbdən də "Əliyev" familiyası "Aliyev" olurdu. Sanki buna etiraz əlaməti olaraq Mir Cəlal müəllim də, Məmmədhüseyn Təhmasib də, Abbas Zamanov da auditoriyada heç kimin adını həmin jurnaldan oxumaz, tələbələrdən kimin gəlmədiyini qrup nümayəndəsindən soruşardılar. Mir Cəlal müəllim elə sadə danışırdı ki, mən onun mühazirəsini yazmağa ehtiyac duymurdum, eyni zamanda, elə fikirlər söyləyirdi ki, mən onları yazmaya bilmirdim. Mir Cəlal müəllimin fikrincə, hər yazıçıdan jurnalist olmaz, yaxşı jurnalist isə yazıçı ola bilər", - deyən Xeyrulla Əliyev müəlliminin tələbələri yaradıcılığa ruhlandırdığını, yüksək insani keyfiyyətlərini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Mir Cəlal Paşayevin həyat və fəaliyyəti haqqında fikirlərini bölüşüb. Bildirib ki, bu böyük şəxsiyyət təkcə ədəbi yaradıcılığı ilə deyil, həm də xeyirxah əməlləri, insanpərvərliyi ilə dərin rəğbət və məhəbbət qazanıb. Akademik Akif Əlizadə özünün də bir şəxsiyyət kimi formalaşmasında Mir Cəlal Paşayevin nümunəvi həyatının böyük rolu olduğunu, bu böyük yazıçının Azərbaycan ədəbiyyatı tarixində pedaqoq, alim və ədib kimi ən yüksək zirvəni fəth etdiyini diqqətə çatdırıb. Gənclik dövründə Mir Cəlalla görüşləri barədə xatirələrini bölüşən akademik Akif Əlizadə bu ailənin üzvlərinin bu gün də Azərbaycana işıq gətirdiklərini, ədibin övladlarının və nəvələrinin ölkəmizi dünyada təbliğ etdiklərini vurğulayıb.

Xoşbəxt yazıçı və pedaqoq, xoşbəxt ata

Tədbirdə çıxış edən Xalq yazıçısı Elçin deyib ki, Mir Cəlal müəllim auditoriyaya girəndə əzəmətli bir pedaqoq təsiri bağışlayırdı. Ona görə ki, onun mənəvi dünyası əzəmətli idi, onun yaradıcılığı, daxilindəki xeyirxahlıq əzəmətli idi. Xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatının tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi. Mir Cəlal həm də xoşbəxt bir atadır; onun sovet dövründə yetişdirdiyi övladları bu gün müstəqil Azərbaycana layiqincə xidmət edirlər.

Akademik Vasim Məmmədəliyev diqqətə çatdırıb ki, Mir Cəlal böyük şəxsiyyət olduğu qədər də böyük sənətkardır. Onun xalq tərəfindən sevilməsinin səbəbi şəxsiyyətində bu iki keyfiyyətin bir-birini tamamlamasıdır. "Füzulinin sənətkarlığı" kitabı bu gün də hər kəsə lazımdır. Mir Cəlal Paşayev ədəbiyyatın bir çox sahələrində yeni söz demiş alimdir. Təkcə "Füzulinin sənətkarlığı" onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edər.


Xəbərə aid fotolar