Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə


Digərləri 31 Okt 2018 23:30:00 329 0

Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə

El arasında ağızgəlmə, süd yarası, bəzən də pambıqca kimi tanınan xəstəlik əslində ağız boşluğunun selikli qişasının göbələklə zədələnməsidir. Ağız boşluğu və uşaqlıq yolunda göbələklər daim olur, lakin normal immun sistemi və mikroorqanizmlər onların inkişafının, xəstəlik törətməsinin qarşısını alır. Hər hansı səbəbdən immunitet zəifləyən zaman daimi olaraq ağız boşluğunda yaşayan göbələklərin inkişafı və artıb çoxalması üçün münbit şərait yaranır, xəstəlik baş qaldırır.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib: "Xəstəlik yeni doğulan körpələrdə daha çox müşahidə olunsa da, ona bir yaşına qədər uşaqlar və bəzən böyüklər arasında da rast gəlinir. Körpələr göbələyə əvvəlcə ananın doğuş yollarında, sonralar isə qidalanmada istifadə olunan əmziklər vasitəsilə yoluxur. Həyatın ilk həftələrində immun sisteminin tam formalaşmaması səbəbindən yenidoğulmuşlarda xəstəlik özünü tez-tez büruzə verir. Böyüklərdə antibiotiklərdən qeyri-düzgün istifadə, hormonal pozulmalar, keçirilmiş ağır xəstəliklərdən sonra və hamiləlik zamanı göbələk infeksiyası baş qaldırır. Şəkərli içkilərdən daim istifadə etmək də ağız boşluğunda göbələklərin inkişafı üçün münbit şərait yaradır".

Həkim xəstəliyin əlaməti olaraq əvvəlcə körpənin dilinin üstündə, yanaqlarının içəri səthində, damaq və dodaqlarında ağ, pambığabənzər ərpin əmələ gəldiyini deyib: "İlk baxışdan adi ərp kimi görünsə də, qoparmağa çalışanda altdakı selikli qişa qanayır və yanıq təsiri bağışlayır. Əmmə və udma aktı kifayət qədər ağrılı olur. Körpə qidadan imtina edir, narahatlıq keçirir və yata bilmir. Valideynlərin əsas narahatlığı körpədə qidalanmanın zəifləməsi və çəki artımının ləngiməsindən olur. Vaxtında və düzgün müalicə aparılanda bir həftəyə qədər sağalma müşahidə olunur, əlamətlər aradan qalxır. Müalicə olunmayanda və ya düzgün aparılmayanda proses daha da genişlənir, ərplər yumşaq damağa və əsnəyə yayılır. Hətta göbələk infeksiyası bağırsaqlarda disbakterioz yaradacaq dərəcədə geniş sahəni əhatə edir. Müalicə əsasən göbələk əleyhinə preparatlarla aparılır".