Eldar: "Güzgüyə baxanda özümdən səksənirdim" FOTO


Şou-biznes 31 Okt 2018 22:32:00 247 0

Eldar: "Güzgüyə baxanda özümdən səksənirdim"  FOTO

Eldar Qasımov: "Nigarla yenidən birlikdə mahnı ifa etsək, bütün Avropa mediasının diqqəti bizdə olacaq" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Musiqi ritmdir, musiqi zövqdür, musiqi keyfiyyətdir". Bunu bizə "Eurovision-2011" mahnı müsabiqəsinin azərbaycanlı qalibi Eldar Qasımov deyir. "Kaspi"nin suallarını cavablandıran ifaçı yaradıcılığındakı ən son yenilikləri bizimlə bölüşdü. Qeyd etdi ki, beynəlxalq mahnı müsabiqəsindəki tərəfdaşı Nigar Camalla həyata baxışları fərqli olsa da, dost münasibətləri indi də davam edir.

- Eldar bəy, yeni mövsümə yeniliklərlə geri döndünüz. Sizin sosial şəbəkədəki hesabınızdan yay tətilini köhnə dostlarınızla uzaq bir adada keçirdiyinizi izlədik. Hətta bu paylaşımlarınızdan sonra sizi zadəgan adlandıranlar da tapıldı.

- Yayı dostlarla gözəl keçirdik. İstirahət etməyə on gün qalmış planlaşdırdıq ki, imkan daxilində həyatda bir dəfə də olsa Yunanıstanın Mykonos adasında olaq. Ora turistik bir bölgədir. Həmin ərazilər çox abadlaşdırılıb və mükəmməl görüntüsü var. Bütün ada ağ-göy və tünd qırmızı rənglərə boyanmışdı. Yunanıstanın məşhur dar küçələri məhz orada yerləşir. Həqiqətən də çox maraqlı bir yerdir. O adanı çox böyük zövqlə gəzdik.

- Bu istirahətdə tərəfdaşınız Nigar Camal sizi tək qoymadı. Bu paylaşımlar sizin  ayrılmadığınızı, hələ də dost münasibətində olduğunuzu sübut etdi.

- Əlbəttə ki, biz Nigarla hələ də dostuq. Kim deyir ki, biz onunla danışmırıq və bir-birimizə qarşı kinimiz var, bu səhvdir. Bizim aramızda heç bir mübahisə olmayıb. Ola bilər ki, Nigarla fərqli düşüncə sahibləriyik. Həyata baxışımız, düşüncələrimiz üst-üstə düşmür. Nigarla musiqi zövqlərimiz də fərqlidir. Ancaq bu o demək deyil ki, bir-birimizi danışdırmırıq, küsülüyük. Sənət baxımından ayrı-ayrı yollarla gedirik. Həyat fəlsəfəmizin dostluğumuza aidiyyəti yoxdur. Aramızdan heç bir soyuq külək əsməyib.   - Nigar Camalla yenidən işbirliyiniz olacaqmı?

- Bu barədə düşünürük. Hesab edirik ki, bizə uğur gətirən "Running Scared" mahnısından daha möhtəşəm bir mahnı olmalıdır ki, tamaşaçılar bu mahnını yenidən sevsin. Kiçik addımlarla nəsə etməyə çalışırıq. Həmin mahnıdan sonra yeni bir mahnı oxumaq hər ikimizdən məsuliyyət tələb edir. Çünki biz yenidən birlikdə mahnı ifa etsək, bütün Avropa mediasının diqqəti bizdə olacaq. Ola bilsin ki, nə zamansa yeni bir mahnı oxuyaq. Əslində, yarışmadan sonra Nigarın albomunda  yer alan bir-iki mahnını studiyada yazdırdıq ki, duet kimi ifa edək.

- Çox zaman deyirlər ki, "Eurovision" mahnı müsabiqəsində iştirak edən ifaçılarımız müsabiqədən sonra qeybə çəkilirlər. Bəs siz bu haqda nə düşünürsünüz?

- Mən də bu cür fikirləri eşidirəm. Davamlı olaraq medianı izləyirəm. Azərbaycanda çalışan müğənnilərin ifa tərzi "Eurovision" müsabiqəsinə və Avropa musiqisinə ziddir. Orada Avropasayağı, xarici mahnılara daha çox üstünlük verirlər. Çünki bu daha keyfiyyətli alınır. Biz bu mahnılarla özümüzü tanıda bilərik. Burda hələ ki dəb halını almayıb. Peşəkar Avropa mahnısının ifaçıları azdır. Bizdə müasir Qərb musiqisi üstün deyil. Mən tam olaraq deyə bilmirəm ki, bu, yaxşıdır, bu, pisdir. İnsanlar kimi zövqlər də müxtəlifdir və bizim məmləkətdə insanlar daha çox etnik və milli musiqilərə üstünlük verirlər. Ancaq çox şadam ki, izləyicilərim və dinləyicilərim var. Onlar mənim musiqimi dinləyirlər.

- Avropaya ayaq açdıqdan sonra məşhurlaşmaq şəraiti və imkan əldə etdiniz. İndi hansı ölkənin sənətçiləri ilə birlikdə çalışırsınız?

- Bilirsiniz ki, mən daha çox İsveçdə və Ukraynada çalışıram. İndi isə qazaxıstanlı partnyorlarımız məni Asiya musiqi bazarına çıxarırlar və bundan sonra onlarla da işləyəcəyik. Orda sistem başqadır. Prodüser, musiqiçilərlə studiyaya gedib, 10-15 mahnı yazdırırsan, sonra onu musiqi nəşriyyatlarına göndərirsən. Həmin nəşriyyatlar da mahnını alıb qısa zamanda məşhurlaşdırırlar. Və sən ondan gəlir əldə edirsən. Həm sən, həm də musiqi prodüserləri qazanır. Eyni zamanda, səninlə bərabər bəstəkarlar və söz yazarları da buradan qonorar əldə edir. Əvvəlcədən heç kim pul almır. Çünki bu, sonu görünməyən bir işdir. Burda bazar başqa cürdür.

- Avropaya gedəndə sizi tanıyırlarmı?

- Deyilənə görə tanıyırlar. Orda insanlar bir az komplekssizdir. Ancaq buna baxmayaraq, gözləmirlər ki, hansısa bir tanınmış insan onlara yaxınlaşsın. Onlar çalışırlar ki, bir az məsafə saxlasınlar. Məsafə deyilən bir şey var, bəlkə mən istəmirəm ki, mənə yaxınlaşsınlar və söhbət etsinlər. Ancaq hərdən yaxınlaşıb fikirlərini bildirirlər.

- Çətin ki, sizi bu imiclə tanısınlar...

- Bəli, bu imic mənim çoxdankı istəyim idi.

- Saçlarınızı bəyaz rəngə boyamaq yəqin ki, cəsarət tələb edir.


Xəbərə aid fotolar