Azərbaycanın ali təhsilli ilk peşəkar aktrisası


Kriminal 31 Okt 2018 22:26:00 490 0

Azərbaycanın ali təhsilli ilk peşəkar aktrisası

Fatma Qədridən bəhs edən maraqlı monoqrafiya haqqında qeydlər 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Bu günlərdə fəlsəfə doktoru İmran Axundovun görkəmli səhnə ustası, xalq artisti, Azərbaycanda ilk peşəkar ali təhsilli aktrisa kimi tanınan Fatma Qədrinin həyat və yaradıcılığından bəhs edən "Fatma Qədri" adlı elmi monoqrafiyası ilə tanış oldum. ADPU-nun mətbəəsində 100 tirajla çap olunan bu monoqrafiya həm yazılış, həm də tərtibat baxımından diqqətimi cəlb etdi. Məlumat üçün deyim ki, elmi monoqrafiyanın redaktoru Əməkdar mədəniyyət işçisi H. M. Nəbilidir. 

Monoqrafiyada bu il 111 yaşı tamam olan, teatr sənətimizin inkişafında özünəməxsus xidmətləri ilə tanınan Fatma Qədrinin ömür yolu oxucuya təqdim edilir. 61 illik ömrünün 40 ilini teatr sənətinə həsr edən bir xalq artistinin şərəfli ömür yolu monoqrafiyada müəllif tərəfindən dörd fəsildə canlandırılır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Fatma Qədri maraqlı səhnə ömrü yaşayan nadir sənətkarlarımızdandır. Onun klassik və müasir əsərlərdə yaradığı xarakterik obrazlar qalereyası aktrisanın daxili zənginliyinin bariz nümunəsi kimi bu gün də səciyyəvidir. Bildiyimiz kimi, Azərbaycan teatrı 145 illik çətin, lakin şərəfli bir yol keçməklə bugünkü inkişaf mərhələsinə çata bilib. Onun çağdaş uğurlarında, nailiyyətlərində isə bu görkəmli sənətkarın xidmətləri misilsizdir. 

Monoqrafiyanın birinci fəsli aktrisanın həyatı və səhnə fəaliyyətinin başlanğıc dövrünü yəni 1907-1925-ci illəri əhatə edir. Bu illər ərzində Fatma Qədrinin geniş tərcümeyi-halı ilə tanış olmaqla səhnə ustasının müəllimləri olan Moskvadan gəlmiş, Roma Akademiyasının fəxri üzvü, akademik Vyaçeslav İvanov və Aleksandr Aleksandroviç Tuqanov, professor Vladimir Vladimiroviç Sladkopevtsev haqqında olan xatirələri müfəssəl şəkildə təsvir edilir.

Müəllif aktrisanın sənət müəllimi Aleksandr Tuqanovun diplom tamaşasında ona Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasında Sona obrazını tapşırması haqqında xatirələrindən bəhs edir: "Tuqanov bu pyes üzərində çox həvəslə işlədi. O, bütün işləri bizim öhdəmizə buraxdı. Ancaq hiss olunmadan, məharətlə hər işə özü rəhbərlik edirdi. Kostyumları tikib, rekvizit, tərtibat və bir çox başqa işləri özümüz yerinə yetirirdik. O, həmişə deyirdi ki, aktyor hər işi bacarmalıdır. İlk tamaşa günü yaxınlaşdı. Mən Sona rolunu oynayırdım. Böyük rol deyildi, ancaq həddindən artıq həyəcanlanırdım. Nəhayət, tamaşa günü gəlib çatdı. Tamaşanın başlanmasına iki saat qaldıqda teatra gəldim və qrimlənməyə başladım. Birinci zəng çalındı... Tuqanov stoldan stola keçib, bizim qrim və kostyumlarımızı yoxladı, ürək-dirək verdi. Ancaq özü də bir az narahat idi. O, bizim Azərbaycan teatrı tarixinə bir sıra qızıl səhifələr yazmışdı... Səhnə arxasında və tamaşa zalında böyük şənlik vardı. Tamaşa qurtarandan sonra çoxlu gül-çiçəklər gətirdilər. Hamı bir-birini təbrik edir, qucaqlayıb öpürdü."

İmran Axundov monoqrafiyada aktrisanın ilk obrazının uğurlu alınmasını qeyd etməklə yanaşı, onun ifa etdiyi Sona obrazının görkəmli teatr pedaqoqu və rejissoru olan A. Tuqanovun çox xoşuna gəldiyini xüsusi vurğulayır.  

Adilə İsmayılova aktrisanın yaradıcılığının ilk illərinə nəzər salarkən  deyirdi: "Fatma Qədrinin yaradıcılığı təbiiliyi, həyatiliyi, emosionallığı və koloritliyi ilə fərqlənirdi. Onu hətta dünya teatrının Adelaida Ristori, Eleonora Duze və Mariya Yermolova kimi sənətkarları ilə müqayisə etmək olar".

Ömrünün dördə-üç hissəsini səhnəyə həsr edən Fatma Qədri geniş diapazonlu bir aktrisa idi. Onun Azərbaycan, rus və Qərbi Avropa dramaturqlarının, eləcə də müasir müəlliflərin əsərlərində yaratdığı bir çox obrazlar sənətsevərlər tərəfindən hər zaman maraqla qarşılanıb.  

Monoqrafiyanın ikinci fəsli aktrisanın ömrünün 1926-1933-cü illərini özündə əks etdirir. Belə ki, bu fəsildə aktrisanın Bakı Türk İşçi Teatrına necə gəlməsi və teatrın o zamanlar direktoru olan Məmmədsadıq Əfəndiyevin aktrisanın həyatındakı müstəsna rolundan söhbət açılır. 

Müəllif aktrisanın xatirələrindən çıxış edərək yazır: "Əfəndiyev öz teatrına gənc aktyorları çox dəqiq və böyük həvəslə seçirdi. O, bizimlə təklikdə danışdı. Mənimlə çox ciddi söhbət etdi. Teatrın perspektiv planlarından danışdı və bildirdi ki, əvvəlcə, bizə çətin olacaq, çünki işlər çoxdur. Biz kütləvi səhnələrdə baş rollarda birgə çıxış etməli idik. O dedi ki, əgər sizi bu çətinliklər qorxutmursa, qalıb bizdə işləyin. Mən sizin kimi gənclərin inkişafı üçün hər cür imkan yaradacağam..."

Qeyd etmək lazımdır ki, Fatma Qədri Bakı Türk İşçi Teatrında təxminən 6-7 il fəaliyyət göstərib. O, burada irili-xırdalı müxtəlif xarakterli rollar ifa edib. V. Marqaretin "Fahişə"də qulluqçu Roza, N. Şaravalenkonun "1881-ci il" tarixi dramında Knyaginya Yurevskaya, Bill-Beloserkovskinin "Tufan"da Şəhərli qadın, Yurinin "Şöhrət silahları, yaxud zorakı igidlik"də Kayna, C.Məmmədquluzadənin "Anamın kitabı"da Gülbahar, M. F. Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah"da Şərəfnisə, V. Hüqonun "Paris Notrdam kilsəsi"də Esmeralda, V. Kirşonun "Qızıl trenlər"ində Lyudmila Mixaylovna, B. Lavrenyovun "Hücum"unda Kseniya, A. Tolstoy və P. Şeqolyovun "Romanovların son günləri"ndə Dunya, F. Pavlovun "Çin tanrısı"nda Oa Şen, J. B. Molyerin "Cancur Səməd"ində qulluqçu Nübar, V. Kirşonun "Küləklər şəhəri"ndə Nina, Ə. Hamidin "Hind qızı"da Sürucuini, S. Polivanov və L. Prozorovskinin müştərək yazdıqları "İşarə"də Qulka, A.Qlebovun əsəri əsasında təbdil edilən "İncə"də Yasəmən, C.Cabbarlını "Sevil"ində Gülüş və Sevil, S. Rüstəm və H. Nəzərlinin "Yanğın"ında Ceyran və başqa obrazları Fatma Qədrinin maraqla baxılan səhnə traktofkası ilə bir-birindən seçilən obrazları silsiləsinə daxildir.

1926-cı ildə on dörd dəfə tamaşaçılara göstərilən V. Marqaretin "Fahişə" əsəri hələ inqilabdan əvvəl ayrı-ayrı teatrlarda dəfələrlə tamaşaya qoyularaq, müvəffəqiyyət qazanıb. İmran Axundov qeyd edir ki, hətta bu tamaşanın məşqlərinə başlanmazdan əvvəl aktyorlara "dəri-zöhrəvi xəstəlikləri" barədə mühazirələr oxunar, sonra tamaşanın məşqlərinə başlanardı. "Fahişə" əsərinin mövzusu müasir idi. Belə ki, tamaşada fransız burjua cəmiyyətində baş verən əxlaqsızlıq, pulun insanın şəxsiyyətinin formalaşmasındakı qabarıq rolu kəskin tənqid atəşinə tutulurdu.