“Qərara gəlmişdik ki, hamımız manqurt obrazında olaq” Əməkdar artist


Kriminal 31 Okt 2018 21:08:00 369 0

“Qərara gəlmişdik ki, hamımız manqurt obrazında olaq”  Əməkdar artist

Əməkdar artist Elşən Rüstəmovun Son.az-a müsahibəsi.

XX əsrin qüdrətli qələm sahiblərindən biri olan Çingiz Aytmatovun (12 dekabr 1928 - 10 iyun 2008) 90 illik yubileyinə töhfə olaraq ötən mövsümün sonunda Akademik Milli Dram Teatrının Abbas Mirzə Şərifzadə səhnəsində Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayevanın quruluşunda yazıçının "Əsrə bərabər gün" romanının "Manqurt" hissəsi üzrə eyniadlı tamaşa ərsəyə gəldi.

Bəri başdan deyim ki, bir diplomçu kimi İzamə xanımın bu işi ən yüksək qiymətə layiqdir.

Ç.Aytmatovun "Əsrə bərabər gün" romanı keçən əsrin 80-ci ilində işıq üzü görəndən bəri müxtəlif ölkələrin teatr və kino rejissorlarının maraq dairəsində olan əsərlər arasındakı yerini qoruyub-saxlamaqdadır. Bizim teatr xadimlərinin növbəti dəfə bu əsərə, konkret olaraq, romanın "Manqurt" hissəsinə müraciəti fərqli yanaşma-yozumda özünü göstərdi və nə yaxşı ki, bu qeydi etməyə imkan verdi. Tamaşa gəncliyə xas maksimalistliklə sosiallaşdırılaraq müasirimiz olan mütərəqqi insanın baxış bucağının rakursunu açır - Ana-Beyitin yer üzündən silinməsi ilə nəticələnəcək söküntü-tikinti işlərinə cavabdehlərdən biri ilə, başqa sözlə, manqurtla Yedigeyin - tarixə hörmətsizliklə barışa bilməyən nümunəvi vətəndaşın dialoqu, birincinin mobil telefonuna gələn yuxarıdan zəng qarşısında mütiliyi, tamaşaçıların əlinə dağıdıcı alətlər verməsi, Yedigeyin onları alması, zaldakıları manqurtlarla eyniləşdirməklə bu bəlanın miqyasını vurğulamaq "priyom"ları mövzunun "qıfılı" üçün "açar" rolunu oynayır.

Tarixçə

Çingiz Aytmatovun da vaxtilə bildirdiyi kimi insanın yaddaşını onun təraş edilmiş başına yenicə soyulmuş dəvə dərisi keçirib günlərlə səhrada saxlamaqla silmək işgəncəsinə "Manas" dastanında rast gəlinir, daha doğrusu, dastanda bu dəhşətli əməl hədə-qorxu kimi qeyd olunur. Linqvistlər "manqurt" kəlməsinin Aytmatov tərəfindən yerli dialektikaya əsaslanaraq yaradıldığını istisna etmirlər. Qədim türk dilində "munqul" axmaq, dərrakəsiz mənasını verir. Müasir qırğız dilində "munju" sözü mövcuddur, yəni əlil, şikəst. Monqol dilində bu sözün "manquu" formasına rast gəlinir, mənası ağıldankəm deməkdir. Ola da bilər ki, "manqurt" leksemi "man" (buxovlamaq) və "qurut" (qurudulmuş) qədim türk kəlmələrinin birləşməsidir.

Bir aktyorun xaqanlığı

Tamaşada Yedigey və Juan-Juan obrazlarını canlandıran əməkdar artist Elşən Rüstəmov növbəti dəfə yaradıcılığı barəsindəki zənnlər, təsəvvürlər, təəssüratlar sarıdan etibarlılıq güvəninə xilaf çıxmadı. Növbəti dəfə müşahidə etdim ki, bu aktyorun hər bir obrazı, hər bir rolu ilə fərdi, tet-a-tet ünsiyyət qurmaq bacarığı, onunla birgə dünyalarını yaratmaq istedadı ilğım xassəli deyilmiş. Tamaşa boyunca aktyor gah Boris Pasternakın "Yeganə günlər" nəzm əsərinin bir misrası və Çingiz Aytmatovun debüt romanının adı ilə eynilik təşkil edən "Əsrə bərabər gün" əsərinin baş qəhrəmanı vəfat etmiş yaxın dostu, mahalın müdrik şəxsi Qazanqapı dədə-baba məzarlığında dəfn etməklə qayğılanan Yedigey olur, gah da juanjuan. Həm də hər iki obrazında aktyorun zahiri və daxili halı Ağ Orda əmiri, Noqay Ordasının banisi Yedigeyi də (1352-1419) andırır, ilkin monqol dövləti olaraq müasir Monqolustanın və şimali Çinin ərazisində hunların hakimiyyətinin sona varması və Türk xaqanlığının iqtidara çevrilməsi dövrləri arasında mövcud olmuş Jujan xaqanlığının ("jujan" sözü assimilyasiyaya uğrayaraq "juanjuan" kəlməsinə çevrilib) nümayəndəsini də.  

"Mənim üçün gözlənilməz təklif idi"

- Elşən, tamaşanın əvvəlindən sonuna kimi belə bir sabit təəssüratda qaldım ki, siz sanki həm tərəf-müqabillərinizlə birgə tamaşanın içində idiniz, amma həm də öz "Manqurt"unu oynayırdınız. Hətta monotamaşa kimi də təqdim edə bilərdiniz bu əsəri. Belə təəssüratı doğuran nə idi?...

- Əslində bu tamaşada hər kəs öz "Manqurt"unu oynayır. Rejissorla belə qərara gəlmişdik ki, hamımız manqurt olaq. Axı doğrudan da hər kəsin içində bir manqurt yatır. Hətta Nayman Ananın da...

- Deməli buna görə zaldakıları da manqurt adlandırırsınız...

- Bəli. Biz buna cəsarət etdik. Çünki dediyim kimi hər adamın içində manqurtluq var...

- Hardasa doğru təsəvvürdü - sadəcə, manqurtluq bəzilərində laqeydlik, bəzilərində isə aqressivlik şəklində özünü büruzə verir.


Xəbərə aid fotolar