Ramin Quluzadə: Bakıda yaradılacaq İnnovasiya Mərkəzi gənc sahibkarlar üçün ideyaların təşviq məkanına çevriləcək


Digərləri 31 Okt 2018 18:43:00 258 0

Ramin Quluzadə: Bakıda yaradılacaq İnnovasiya Mərkəzi gənc sahibkarlar üçün ideyaların təşviq məkanına çevriləcək

Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında çıxış edib

Bakı. Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı öz işini davam etdirir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konfransa hökumət başçıları, İKT sahəsi üzrə nazirlər, nazir müavinləri, akademik təsisatların, eləcə də, özəl şirkətlərin nümayəndələrindən ibarət 2500-dən çox iştirakçı qatılıb. 29 oktyabrdan öz işinə başlayan konfrans noyabrın 16-dək davam edəcək. Bu gün səlahiyyətli konfrans çərçivəsində keçirilən plenar iclasda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib. Nazir bildirib ki, Azərbaycan İKT sektorunun inkişafı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirak etmək üçün davamlı işlər görür. Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edən R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb.