"Azercell"in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri müəyyənləşib (FOTO)


Digərləri 31 Okt 2018 17:34:00 227 0

"Azercell"in sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018"-in qalibləri müəyyənləşib (FOTO)

İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz innovativ fikirlərini koda çevirməyi bacaran gənclər öz bacarıqlarını nümayiş etdiriblər.

Bakı. İnformasiya texnologiyaları sahəsində xüsusi istedada malik, öz innovativ fikirlərini koda çevirməyi bacaran gənclər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsində öz bacarıqlarını nümayiş etdiriblər. "Azercell"dən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində “AzInTelecom” MMC-nin təşkilatçılığı, Yüksək Texnologiyalar Parkının dəstəyi və “Azercell Telekom” MMC-nin sponsorluğu ilə baş tutan layihənin qalibləri müəyyən olub. “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edən müsabiqədə münsiflər heyətinin qərarı ilə “Dostlar”, “Express” və “Ml learning” komandaları qalibiyyət qazanıb. Birinci yerin sahibi “Dostlar” komandasına 5000 AZN, ikinci yerin sahibi “Express” komandasına 3000 AZN, üçüncü yerin sahibi “Ml learning” komandasına isə 1000 AZN məbləğində pul mükafatı təqdim olunub. Eyni zamanda qalib komandalar müsabiqənin Qızıl sponsoru olan Azercell şirkəti tərəfindən də dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Qeyd edək ki, üç mərhələdən ibarət olan “Hackathon” müsabiqəsinin birinci mərhələsində iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırıq verilib, ikinci mərhələdə iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyib. Təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınıb.