AHK Azərbaycan üzvlərinin DGK sədri ilə görüşündə gömrük sahəsindəki əsas islahatlar müzakirə olunub


Digərləri 31 Okt 2018 17:19:00 245 0

AHK Azərbaycan üzvlərinin DGK sədri ilə görüşündə gömrük sahəsindəki əsas islahatlar müzakirə olunub

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib.

Bakı. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün növbəti AHK-İmpuls tədbirini təşkil edib. Palatadan Trend-ə verilən məlumata görə, tədbirin əsas mövzusu Azərbaycanda gömrük sahəsində davam edən islahatlar və son yeniliklər olub. Tədbirin fəxri qonağı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Ticarətin asanlaşdırılması üçün aparılan gömrük islahatları” adlı məruzə ilə çıxış edib. Gömrük sistemində aparılan əsas islahatlar haqqında məlumat verən S.Mehdiyev şəffaflığın təmin olunması və korrupsiyaya qarşı mübarizənin aparılması nəticəsində idxalda artımın müşahidə olunduğunu qeyd edib. S.Mehdiyev, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində atılan addımlar, Avropa İttifaqı ilə əməkdaşlıq nəticəsində Aİ ölkələrinin gömrük sistemləri modelinin Azərbaycana tətbiqi haqqında danışıb və dünya ticarətində baş verən yeniliklərin Azərbaycanda gömrük sahəsindəki islahatlarda nəzərə alındığını bildirib. O cümlədən, qeyd olunub ki, Azərbaycanın Ümumi Tranzit Konvensiyasına qoşulması gömrük proseslərinin daha da sadələşdirilməsi və sənədləşmə işlərinin azaldılmasında xüsusi rol oynayacaq. Cənab sədr bildirib ki, bu sahədə işçi qrupu yaradılıb və layihənin ilkin mərhələsi həyata keçirilməkdədir. Müasir və sadə prosedurların tətbiqi və qanunvericiliyə uyğunlaşdırılması barədə çıxış edən DGK sədri yaşıl dəhliz sisteminin təkmilləşdirilməsi və gömrük xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb və gömrük rüsumlarının ödənilməsində könüllülük prinsipinin tətbiqinin vacibliyini vurğulayıb.