Fədayə Laçın və digərlərinin məhkəmə istintaqı yekunlaşdı


Digərləri 31 Okt 2018 15:15:00 264 0

Fədayə Laçın və digərlərinin məhkəmə istintaqı yekunlaşdı

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb.

Noyabrın 5-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.