Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə bundan sonra da dəstək verəcək


Digərləri 31 Okt 2018 13:45:00 294 0

Avropa İttifaqı Azərbaycanın təhsil sisteminə bundan sonra da dəstək verəcək

Avropa İttifaqı (Aİ) tərəfindən Azərbaycanın təhsil sisteminə verilən dəstək bundan sonra da yüksək səviyyədə davam edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməliyyatlar şöbəsinin rəhbəri vəzifəsini icra edən Aleksandra Nerisanu "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində keçirilən "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanda bir çox insanlar öz evlərində - formal təhsil sistemindən kənarda çox zəngin təcrübə, bacarıq və biliklər əldə ediblər: "Etiraf edirik ki, ölkənin milli səviyyədə inkişafının irəliyə doğru aparılması üçün həmin insanların əmək bazarında iştirak etməsi çox vacibdir. Onların cəmiyyətə verdikləri töhfə böyük ola bilər. Hesab edirik ki, vətəndaşlara bu kimi imkanlar verilməli və bununla bağlı sənədlər bazası hazırlanmalı, onların bacarıqları və səriştələri rəsmi şəkildə tanınmalıdır. Hətta onlar bunu əldə etdikdən sonra təhsil və tədrislərini davam etdirə bilərlər".