Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gəlmiş “Son iclas” bədii-sənədli filminin Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında təqdimatı keçirilib (FOTO)


Digərləri 31 Okt 2018 13:48:00 281 0

Heydər Əliyev Fondunun dəstəyi və Arzu Əliyevanın baş prodüserliyi ilə ərsəyə gəlmiş “Son iclas” bədii-sənədli filminin Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında təqdimatı keçirilib (FOTO)

Böyük Britaniyanın və dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biri olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında “Son iclas” bədii-sənədli filminin təqdimatı olub.

Bakı. Böyük Britaniyanın və dünyanın ən nüfuzlu mədəniyyət mərkəzlərindən biri olan Britaniya Kino və Televiziya Sənətləri Akademiyasında “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Qeyd edək ki, Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. Londonda təşkil olunan təqdimatda çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Rəşad Vahabzadə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və mövcud olduğu 23 ay ərzində qazandığı nailiyyətlər barədə danışıb. “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Son iclas” filmi haqqında danışıb. O, BP şirkətinin bu filmin ərsəyə gəlməsində iştirakından qürur duyduqlarını bildirib. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizəsi əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir. Ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.