Lerikdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb


Digərləri 31 Okt 2018 12:54:00 253 0

Lerikdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə oktyabrın 30-da Lerik rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Bakı. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə oktyabrın 30-da Lerik rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb. Birlikdən Trend-ə verilən məlumata görə, ağacəkmə aksiyaları zamanı Lerik rayonunda ayrılan 2 hektar ərazidə 312 ədəd qoz ağacı əkilib. Salınan meyvə bağları Lerik rayonunda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar. Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi və Bərdə rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib. Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.