Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi imkanları müzakirə olunub (FOTO)


Digərləri 31 Okt 2018 09:50:00 243 0

Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi imkanları müzakirə olunub (FOTO)

Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi imkanları müzakirə olunub

Bakı. Biznes qurumlarının nümayəndələri Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətilə tanış olub, buradakı sağlamlıq imkanları məhdud gənclərlə görüşüblər. Trend-in məlumatına görə, “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində bir neçə aparıcı biznes strukturlarının nümayəndələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub, burada müxtəlif peşələrə yiyələnən fiziki məhdudiyyətli gənclərlə görüşüblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərimizin yeni peşələrə yiyələnərək məşğulluq imkanlarına malik olmasında, ümumən onların sosial reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında xüsusi rol oynayır. Qonaqlara məlumat verilib ki, müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisədə respublikamızın bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər cəlb olunaraq, kompüter istifadəçisi, kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə bacarıqlar əldə edirlər. Peşə təlimi müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət ilə təmin olunur və kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri verilir.