Səbail-ə texniki məğlubiyyət verildi


İdman 30 Okt 2018 17:45:00 245 0

Səbail-ə texniki məğlubiyyət verildi

AFFA İntizam Komitəsi "Səbail-2" komandasına texniki məğlubiyyət verib.

Goal.az xəbər verir ki, buna səbəb I Divizionun VIII turunda "Neftçi -2" ilə səfər matçında komandanın heyətində limitin pozulmasıdır. 

Turnirin reqlamentinə əsasən, meydanda 2001-ci il və ya daha gənc təvəllüdlü futbolçu olmalıdır. “Səbail-2”nin məşqçilər heyəti isə 90+2-ci dəqiqədə 2001-ci il təvəllüdlü Ədilxan Qarəhmədovun yerinə meydana 1997-ci il təvəllüdlü Nazim Kərimlini buraxıb. 

Həmin qarşılaşmada “Neftçi-2” klubunun 4, “Səbail-2”nin isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldıqları üçün hər iki klub 80 manat cərimə olunub. Görüşün 90+1-ci dəqiqəsində qonaqların futbolçusu Rubin Seyidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzaya məruz qalıb, kluba isə 20 manat məbləğində cərimə tətbiq olunub. 

“Qaradağ Lökbatan” – “Şüvəlan” matçının 57-ci dəqiqəsində isə meydan sahiblərinin baş məşqçisi Elçin Dərgahquliyev hakimlər briqadasın təhqir edib. Nəticədə o, 5 oyun texniki zonadan kənarlaşdırılıb, klubu 400 manat cərimələnib. 

“Sabah-2” ilə qarşılaşma başa çatdıqdan sonra “Zirə-2”nin futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu səbəbdən, Bayramov 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Zirə-2”nin digər futbolçusu Hüseyn Əhmədov hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 320 manat cərimə olunub. 

Qeyd edək ki, "Səbail-2"ə daha öncə "Qarabağ -2" ilə matçda da texniki məğlubiyyət verirlib.  Eyni halın təkrarlanmasından sonra klub rəhbərliyi baş məşqçi Elman Sultanovla yollarını ayırıb.