Azərbaycanda innovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib (FOTO)


Digərləri 30 Okt 2018 17:35:00 255 0

Azərbaycanda innovasiyalı inkişafda əqli mülkiyyətin qorunmasına dair konfrans keçirilib (FOTO)

Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib.

Bakı. Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda konfrans keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sözügedən konfrans “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası və YUNESKO-nun “İnformasiya hamı üçün” proqramı (IFAP) ilə birgə baş tutub. Konfransda çıxış edən Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev 26-30 oktyabr tarixlərində Azərbaycanda ilk dəfə keçirilən “İnnovasiya həftəsi” beynəlxalq sərgi və konfransı çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Nazirin birinci müavini bildirib ki, “İnnovasiya həftəsi” çərçivəsində təşkil olunan 20-yə yaxın tədbir Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda qarşıya qoyulan hədəflərə çatmaq üçün aparılan tədbirlərin bir hissəsidir. Artıq Azərbaycanda İKT-nin geniş tətbiqini stimullaşdırmaqla əlverişli innovasiya mühiti yaradıldığını vurğulayan Ə.Abdullayev innovasiyaların stimullaşdırılmasına və bazarların tənzimlənməsinə dəstək olan əqli mülkiyyətin və müəlliflik hüquqlarının qorunmasının əhəmiyyətinin kifayət qədər yüksəldiyini deyib: “Məhz innovasiyaların və texnoloji həllərin yaradılması, inkişafı və tətbiqi üzrə stimullaşdırıcı təsir vasitəsi olan və bu proseslərin ayrılmaz tərkib hissəsi hesab edilən əqli mülkiyyətin qorunması məsələləri bu səbəbdən aktuallıq kəsb edir”.