Təbiətin məhvinin qarşısını almaq istəyənlər - Özil də Flaminiyə qoşuldu


İdman 30 Okt 2018 13:49:00 274 0

Təbiətin məhvinin qarşısını almaq istəyənlər - Özil də Flaminiyə qoşuldu

Təbiət uzun zamandır ki, təhlükə ilə üz-üzədir. İnsanların təbiəti korlaması, torpaqdan eksperiment kimi istifadə edilməsi bu təhlükənin başlıca amilidir. Hamımız təbiətin əvvəlki görkəmdə olmadığını hiss edirik. Heyvanların necə məhv olmasına hamımız şahidlik edirik. Qlobal istiləşmə də təbiətin məhvinə səbəb olan vasitədir. Şübhəsiz ki, problemi həll etməyə çalışan insanlar az deyil. Elm adamları, müxtəlif təşkilatlar əlindən gələni etməyə çalışır. Təbiətin məhvinin qarşısını almaq uğrunda mübarizə aparanlar arasında idmançılar da var. Onlardan biri keçmiş futbolçu Matye Flaminidir. Ozon qatının dağılması, təbiətə çirkli qazların buraxılması futbolçunu narahat edirdi. Baş verənlərin qarşısını almaq məqsədilə fransalı idmançı 2008-ci ildə dostu Paskal Qarantla birlikdə "GFBiochemicals" şirkətinin əsasını qoyub. Şirkət levulinik turşusu - ağ rəngli kristal maddə istehsal edir. Bu maddə hazırda tibbdə və avtomobil yağlarının hazırlanmasında geniş yayılıb. Gələcəkdə neft məhsullarından əldə edilən istiliyi əvəzləyə bilər.

Flamini İtaliyanın Kazerte şəhərində zavod açıb. Avropanın bir neçə iri şəhərində ofisləri fəaliyyət göstərir. Təbiətin məhvinin qarşısını almaq məqsədilə həyata keçirilən bu layihə barədə ictimaiyyətə ilk dəfə 2015-ci ildə geniş məlumat verildi. Futbolçu bildirdi ki, onun şirkəti 7 il araşdırma apardıqdan sonra ekoloji təmiz kristal maddə hazırlayıb. Matyenin sözlərinə görə, hazırlanan maddə həm iqtisadiyyatın inkişafına dəstək verəcək, həm də dünya bazarında dövriyəsi ildə 20 milyard funt həcmində olacaq

2016-cı ildə Flamini Amerikanın "Segetis İnc" şirkətini aldı. Şirkət ekoloji cəhətdən təmiz tikinti materialları və maye hazırlayırdı. Futbolçunun əldə etdiyi şirkət karbohidratların levunil turşuya çevrilməsi metodunu ixtira etdiyi üçün məşhurlaşmışdı. Məhz bu ixtira sayəsində ABŞ-da ekoloji təmiz biopolimer plastiklər hazırlanır. "Segetis İnc" şirkətini əldə etdikdən sonra Flamini və tərəfdaşlarının iqtisadi gücü artdı, həmçinin nano-istilik sferasında nüfuzu yüksəldi.

Artıq 3 ildir ki, futbolçu dünya iqtisadiyyatında əhəmiyyətli yerlərdən birini tutur. Verdiyi müsahibələrdə istehsal etdiyi kristal maddənin əhəmiyyətini insanlara izah edir. Matenin inamlı çıxışları Fransada diqqətdən kənar qalmayıb. Təsadüfi deyil ki, keçmiş futbolçu hazırda Fransa Olimpiya Komitəsinin ekoloji komitəsinə rəhbərlik edir. Onun əsas vəzifəsi Paris şəhərini 2024-cü ildə burada keçiriləcək Olimpiya oyunlarına ekoloji cəhətdən hazırlamaqdır. Flamini istehsal etdiyi ekoloji təmiz məhsulu tanıtmaq məqsədilə tez-tez iqtisadi forumlara dəvət olunur. May ayında Dünya iqtisadi forumu çərçivəsində təşkil olunan “Gənc dünya liderləri” proqramında, həmçinin Avropa komissiyasının ekoloji məsələlər üzrə komitəsində geniş məruzə ilə çıxış edərək məhsulu barədə məlumat verib.

Onun ideyası yaxın dostlarını, bir vaxtlar eyni komandada yer aldığı futbolçuları da cəlb edib. Məsut Özil, Tomaş Rositski, Aron Remzi, Sesk Fabreqas, Qael Klişi və Loran Kaselni fransalının biznesinə qoşulub. Noyabrın 6-da Flamini və Özil hələlik heç kimə məlum olmayan yeni ekoloji layihə təqdim edəcək. Deyilənlərə görə, Flamini Argentinanın ev sahibliyi edəcəyi G20 ekoloji sammitinə dəvət alıb. Noyabrın 30-da Buenos-Ayresdə təşkil edilən sammitdə keçmiş futbolçu dünyanın 20 ən qüdrətli dövlətinin rəhbərlərinə təbiəti necə xilas etməyin yollarını öyrədəcək.

Mənbə: Sports.ru

Tərcümə: Goal.az