"Qayıdın evlərinizə, sizi qəbul etmirik!"
Dünya 30 Okt 2018 09:48:00 202 0
Mərkəzi Amerika ölkələrindən olan insanlardan ibarət miqrant karvanı ABŞ sərhədlərinə doğru irəliləməyə davam edir. ABŞ prezidenti Donald Tramp isə miqrantların Birləşmiş Ştatlara buraxılmayacağını bəyan edib.
Son.az ABC-yə istinadən bildirir ki, Tramp Twitter-dəki akkauntunda yazıb: "Cənub sərhədlərmizə doğru yaxınlaşan karvanda cinayətkar qruplaşmaların üzvləri və çox pis insanlar var. Lütfən, geri qayıdın. Rəsmi prosedurlardan istifadə etməsəniz, sizi kimsə ABŞ-a buraxmayacaq, qəbul etməyəcək".
The Wall Street Journal məlumat verir ki, rəsmi Vaşinqton ABŞ-Meksika sərhədinə əvvəl vurğulandığı kimi 800 nəfər yox, 5 min hərbçi yollayacaq.
Pentaqonun planına görə, 1800 nəfər Texas ştatına, 1700 hərbçi Arizonaya, 1500 hərbçi isə Kaliforniya ştatına göndəriləcək.
Hərbçilərin yarıdan çoxu bu gün səhər artıq həmin məkanlardadır. Onlar dekabr ayına qədər yeni mövqelərdə qalacaqlar.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bəyan edib ki, miqrantların ölkəyə girişinin yasaqlanması elə onların maraqlarına uyğundlur: "Biz qanunsuz miqrantlara sərhəd keçməyə, ölkəyə girməyə nail olanlara isə burada olmağa imkan verməyəcəyik".
Hazırda miqrant karvanı Meksika ərazisi ilə ABŞ-a doğru hərəkət edir. Təqribən 7200 nəfərlik karvan Honduras, Salvador, Qvatemala və Meksika vətəndaşlarından ibarətdir.
Karvan ötən həftə Hondurasdakı San Pedro Sul şəhərindən yola çıxıb.
Miqrantlar "Si se pudo!" ("Hə, biz bacaracağıq!") şüarını qışqırırlar.
Bu şüar Barak Obamanın prezident seçkilərindəki "Yes, we could!" sloqanının yenilənmiş formasıdır.