Bu nəticə İvanişvili üçün kabus oldu...


Dünya 30 Okt 2018 09:07:18 252 0

Bu nəticə İvanişvili üçün kabus oldu...

Gürcüstanda prezident seçkilərinin ilk turunun qalibi Gürcüstan dövləti və xalqının özüdür.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Gürcüstanda keçirilən prezident seçkilərinin nəticələrini şərh edərkən deyib. O bildirib ki, əgər 2-ci tur da eyni şəkildə keçirilərsə, nəticələrə təsir edəcək kütləvi əyintilər baş verməzsə, şübhə yoxdur ki, bu, Gürcüstan demokratiyasının inkişafı və avroatlantik inteqrasiya istiqamətində irəliyə doğru böyük bir addım olacaq.

Ş.Cəfərlinin sözlərinə görə, ilk turun ən önəmli siyasi nəticəsi budur ki, müxalifət 6 illik böhran və reqres vəziyyətindən çıxaraq "Gürcü Arzusu"nun dominantlığına son qoymaq gücündə olduğunu nümayiş etdirdi: "Vahid Milli Hərəkat ötən müddətdə İvanişvilinin onu dəfn etmək cəhdlərinə, içəridən parçalanmalara məruz qalmasına baxmayaraq, hələ də müxalifətin lokomotivi olduğunu və yenidən iqtidar alternativi halına gəldiyini göstərdi. Liderlər və millət vəkillərinin böyük əksəriyyəti ayrılsalar da, partiya öz yerli strukturlarını böyük ölçüdə qoruya bildi, bu isə onu deməyə əsas verir ki, ölkənin ən ucqarlarına qədər təşkilatlanmaq və strukturlara malik olmaq vitrindən heç də az əhəmiyyət daşımır, hətta daha önəmlidir".

Politoloq deyib ki, Qriqol Vaşadze Vahid Milli Hərəkatın liderliyində qurulan, 11 partiyadan ibarət "Güc birlikdədir" blokunun namizədi kimi mübarizəyə qoşulsa da, müxalifət ümumilikdə vahid namizəd müəyyən etməyərək yarışa ayrı-ayrılıqda qatıldı: "Bu taktikanın özünü doğrultduğu ortadadır. İqtidarın namizədi 38,6% səs yığa bildi, başqa sözlə, seçicilərin 61%-dən çoxu qarşı tərəfdə yer aldı. Vaşadze və dünənə qədər Vahid Milli Hərəkatın liderlərindən olan Bakradze birlikdə 49% civarında səs aldılar, bu, ciddi uğurdur. Digər namizəd, 2,2% səs toplamış Zurab Caparidze də vaxtilə bu partiyada təmsil olunub.

"Gürcü Arzusu"na gəldikdə isə, onun yüksəliş trendinin dayandığını və ulduzunun sönməyə başladığını söyləmək mümkündür. Amma nəticələri hakim partiyanın iflası və çöküşü kimi dəyərləndirmək tələskənlik olardı. Çünki "Gürcü Arzusu" seçkidə öz namizədi ilə iştirak etmədi. Məsələn, namizəd İvanişvili və ya Kaladze olsaydı, şübhə yoxdur ki, Zurabişvilidən daha çox səs toplayacaqdılar, bəlkə də 50%-i keçə biləcəkdir. Bəs, iqtidar niyə öz namizədi ilə çıxış etmədi?