Bakıda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib FOTO


Digərləri 30 Okt 2018 08:33:00 281 0

Bakıda III Beynəlxalq “Türk dünyasının ortaq dili ‒ naxışlar” simpoziumu keçirilib  FOTO

25-27 oktyabr tarixlərində Bakıda "Keçə sənətində kəsişmə nöqtələri" mövzusunda III Beynəlxalq "Türk dünyasının ortaq dili ‒ naxışlar" simpoziumu keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, simpoziumun proqramı konfrans, tematik sərgilər, ustad dərsləri, moda nümayişi və satış yarmarkasından ibarət idi. Tədbirə 22 ölkədən 83 iştirakçı qatılıb.

Simpoziumun təşkilatçıları - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (МФГС) və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyidir.

Media dəstəyini AMEA Mərkəzi Elmi Kitabxana, Day.az, Trend.az, Milli.az, Azernews.az xəbər portalları, "Felt Fashion" (Rusiya), "Carpet Collector" (Almaniya) və "FiltzFun" (Almaniya) jurnalları göstərir. Onlar müntəzəm olaraq simpoziumla bağlı xəbərlər yayımlayır.

Simpoziumda Azərbaycan, ingilis, rus və türk dillərində elmi konfrans təşkil olundu. "Keçə tarixindən", "Ənənələr və müasirlik" "Keçə geyim və interyerdə", "Muzey kolleksiyalarında keçə", "Keçənin bədii və texniki xüsusiyyətləri", "Keçə müasir incəsənətdə" və "Keçə moda dünyasında bir trend kimi" mövzular üzrə sessiyalar kecirildi. Oktyabrın 25-də Azərbaycan Xalça Muzeyində "Ənənəvi keçə sənəti" və "Keçə müasir incəsənətdə" sərgilərinin açılış mərasimi baş tutdu. Azərbaycanlı ustalarla yanaşı, türk, rus, qırğız, macar, isveç, amerikalı keçəçi-rəssamların da əl işləri təqdim olundu.