Damaqda müşahidə olunan qanaxmanın səbəbləri


Digərləri 29 Okt 2018 23:27:00 265 0

Damaqda müşahidə olunan qanaxmanın səbəbləri

Hazırda informasiya əsri olmasına baxmayaraq, hələ də insanlar sadə gigiyena qaydalarına düzgün riayət etmirlər. Bunlardan biri də dişlərə qulluqla bağlıdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin assistenti, stomatoloq Narin Babayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib.

Həkim diş xəstəliklərinin daha çox rast gəlinən patologiyalarının ağız boşluğunun gigiyenası ilə bağlı olduğunu bildirib: "Əfsuslar olsun ki, pasiyentlərin əksəriyyəti dişlərini düzgün təmizləmir. Nəticədə ağızda diş daşları və diş ərpi yaranır. Digər tərəfdən, dişlərə düzgün qulluq olunmadığından, müxtəlif xəstəliklər, diş ətinin iltihabı ilə bağlı problemlər yaranır. Bunlar arasında gingevit, paradantoz, periodontitin adlarını çəkmək olar. Vaxtında müdaxilə olunmasa, bu xəstəliklər xroniki formaya keçərək ömür boyu davam edə bilər".

N.Babayevanın sözlərinə görə, diş ərpi xüsusi aparatlar və polişenk materiallar vasitəsilə cilalanıb təmizlənir. Prosedur zamanı pasiyentlərə dişlərin düzgün təmizlənməsi qaydaları da öyrədilir. Xəstə prosedurdan altı ay sonra yenidən dəvət olunur. Müayinə zamanı problemin qaldığı müəyyən olunursa, təkrar müalicə tələb olunur.