Aftoz stomatit ağız boşluğunda əmələ gələn iltihabi prosesdir


Digərləri 29 Okt 2018 23:18:00 305 0

Aftoz stomatit ağız boşluğunda əmələ gələn iltihabi prosesdir

Aftoz stomatit ağız boşluğunun selikli qişasının üst səthində əmələ gələn, ətrafı qırmızı rənglə haşiyələnən, içərisi yarımşəffaf maye ilə dolu, olduqca ağrılı iltihabi prosesdir. Onun əmələ gəlməsi zamanı həmin nahiyədə kəskin ağrı, yemək yeyərkən ağız boşluğunun selikli qişasında göynəmə, yanma hissi, ətraf limfa düyünlərinin böyüməsi, bəzən də bədən temperaturunun yüksəlməsi kimi hallar baş verir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-a Respublika Stomatoloji Mərkəzin həkim-stomatoloqu Fidan Aslanlı məlumat verib. Onun dediyinə görə, prosesin mərkəzində içərisi yarımşəffaf, ağımtıl maye ilə dolu qovucuqlar-aftlar yaranır: "Həmin qovucuqlar adətən dilin iç və yan hissələrində, diş ətində, dilin altında, yanağın və dodağın içəri səthində, bəzi hallarda yumşaq damaqda əmələ gəlir. Bir müddət sonra qovucuqlar partlayır və yerində ağrılı xarakter daşıyan eroziya əmələ gəlir.

Aftoz stomatitin yaranma mexanizmi tam bəlli olmasa da, xəstələrin hamısında immun sistemin zəifləməsi müşahidə olunur. Stress, qidalar, travmalar, xəstəliklər, zərərli vərdişlər və bəzi diş məcunları xəstəliyin əmələ gəlməsini sürətləndirir. Məsələn, bu, qadınlarda daha çox menstruasiyadan əvvəl əmələ gələn bilər. Sitrus meyvələri, sirkə turşu, şorabalar, kəskin duzlu və ədviyyatlı çərəzlər, dil, dodaq dişləmə, sərt qidalar və diş fırçaları, damaq protezlərinin yaratdığı mikrotravmalar, bir sıra mədə-bağırsaq problemləri, immun sisteminin zəifləməsi ilə gedən xəstəliklər, B12 vitamini və dəmir çatışmazlığı da onun yaranmasına səbəb ola bilər. Uzun müddət siqaret və ya qəlyan çəkənlərin ağız boşluğunun selikli qişası qalınlaşır və zədələnməyə meyilli olur. Habelə dişləri təmizləmə və ağartma xüsusiyyətlərini artırmaq üçün məcunların tərkibinə qatılan natrium laurilsulfat-SLS adlı kimyəvi maddə selikli qişa hüceyrələrinə zədələyici təsir göstərir".