Deputat: "Repressiya qurbanlarının məzarlarının axtarışı üçün komissiya yaradılmalıdır"


Digərləri 29 Okt 2018 19:46:00 303 0

Deputat: "Repressiya qurbanlarının məzarlarının axtarışı üçün komissiya yaradılmalıdır"

"Repressiya qurbanlarının məzarlarının tapılması üçün komissiya yaradılmalı, onlarla bağlı araşdırma aparılmalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, Milli Məclisin deputatı Rafael Hüseynov Mikayıl Müşfiqin nəşinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirərkən deyib.

Alim təkcə Azərbaycanda deyil, keçmiş Dövlət Təhlükəsizliyi Komitəsinin Rusiyada, Orta Asiyada olan arxivlərində saxlanılan yüzlərlə sənədlərdən əldə etdiyi faktlardan bəhs edib.

Bildirib ki, güllələnməyə məhkum olanların işlərində hökmün yerinə yetirilməsi ilə bağlı aktlar olduğu halda, onların harada və necə dəfn olunması ilə bağlı sənədə rast gəlinmir. Müşfiqə aid olduğu ehtimal edilən qalıqların ortaya çıxması əslində bir çox ideyaların həyata keçirilməsi üçün başlanğıc ola bilər:

"Yəni bu hadisə itkin, eləcə də naməlum məzarlar haqqında bir daha düşünməyə əsas verir".