Heç vaxt indiki qədər biabırçı durum olmayıb


Digərləri 29 Okt 2018 19:06:00 293 0

Heç vaxt indiki qədər biabırçı durum olmayıb

Bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar.

"Bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar".

"Bu gün elə bir vəziyyət yaranıb ki, media nümayəndələri bəzən müəyyən yerlərdə özlərini jurnalist kimi təqdim etməyə utanırlar. Xüsusilə də iş adamları, əyalətlərdəki dövlət məmurları "jurnalist" sözünü eşidəndə, ilk ağıllarına gələn "reket jurnalistika"nın nümayəndələri olur. Düşünürlər ki, bütün jurnalistlər məhz onlar kimidir". Bunu Son.az-a açıqlamasında tanınmış jurnalist, "Kaspi" qəzetinin baş redaktoru, İlham Quliyev deyib.

Onun sözlərinə görə, "reket jurnalistika" mövzusu son günlər kifayət qədər aktuallaşıb: "Azərbaycan müstəqillik əldə etdikdən sonra bu sahədə heç vaxt indiki qədər biabırçı durum olmayıb. Yazılı mediadan internetə transformasiya edən bu qara qüvvələr artıq heç bir sərhəd tanımırlar. Ayrı-ayrı şəxsləri, dövlət təsisatlarını, şirkətləri şantaj edir, məqsədlərinə nail olmaq ən üçün çirkin vasitələrdən belə istifadə edirlər. Bu zaman nə peşə prinsiplərini, nə ölkə qanunvericiliyini, nə də milli mentaliteti nəzərə alırlar. Bir növ, ölkədəki söz azadlığından çirkin məqsədlərinə çatmaq üçün istifadə edirlər.

Əvvəllər cəmiyyətdə belə bir fikir var idi ki, məmurlar, ayrı-ayrı şəxslər gözükölgəli olmasalar, "reket" dediyimiz bu jurnalist adından istifadə edənlərə pul verməzlər. Amma indi bunlar o qədər həyasızlaşıblar ki, "gözükölgəli, gözükölgəsiz"ə baxmadan məqsədlərinə nail olmayınca, hədəfə aldıqları şəxslərdən, obyektlərdən əl çəkmirlər. Məsələn, xəbəri yayırlar, sonra öz çevrələrindəki saytlar vasitəsilə tirajlayırlar. Hədəf seçdikləri adamlarda vahimə yaratmağa çalışırlar. Elə sayt olur ki, bir gündə bir təşkilat, şəxs haqqında 20-25 neqativ yüklü məlumat yayır, bütün yaradıcılığını hədəfə aldığı şəxsin gözdən salınması üçün səfərbər edir. Reaksiya olmadıqda, bir az fasilə verib, 1 ay əvvəlin xəbərini yenidən yayırlar. Xəbərin köhnəlməsi, təkrar olunması onlar üçün önəmli deyil. Təki, hədəfə aldıqları obyekti diz üstə çökdürə bilsinlər...

Bəzən isə sırf ailədaxili məsələlərdən, şəxsi həyat sirlərindən yazır, insanları qurşaqdan aşağı vururlar. Hətta olmayan şeyləri də uydurub, fantaziyalarını yazı nümunəsi kimi qələmə verirlər.

Baxıb görürsən, bir sayt məlumatı yayıb, digər özü kimi sayta istinad edib. İstinad olunan sayta baxırsan, elə bir xəbər tapa bilmirsən. Soruşursan, deyir, 6 ay əvvəl orda belə bir xəbər var idi..."