Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub


Siyasət 29 Okt 2018 18:51:00 248 0

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin İstanbulda keçirilən 7-ci Üçtərəfli Görüşü çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Türkiyədən olan həmkarı, xarici işlər naziri Mövlut Çavuşoğlu ilə görüşüb.

Azərbaycan XİN-dən Son.az-a verilən məlumata görə, görüşdə iki dost və qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə və müxtəlif formatlarda yüksək səviyyəli inkişafından, siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsindən məmnunluq ifadə edilib.

Nazirlər strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər hər iki ölkənin iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat, tranzit, logistika və digər layihələr ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinin regionun inkişafına, insanlararası təmasların və ticarət dövriyyəsinin artmasına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər. Azərbaycan və Türkiyənin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrinin Asiya və Avropa arasında rəqabətədavamlı daşımaları asanlaşdıracağını tərəflər xüsusilə qeyd ediblər.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verən nazir E.Məmmədyarov Azərbaycanın substantiv danışıqlara hazır olduğunu bildirib. Nazir E.Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu vurğulayıb.

Görüş zamanı, həmçinin elm, təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.


Xəbərə aid fotolar