Piter Teys: "Bakı Forumu mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir" FOTO


Siyasət 29 Okt 2018 18:38:00 304 0

Piter Teys: "Bakı Forumu mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir"  FOTO

VI Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə müsahibəsində qlobal siyasət məsələləri üzrə amerikalı ekspert Piter Teys deyib.

Ekspert deyib: "VI Bakı Beynəlxalq Forumu bütün dünyada sülh, təhlükəsizlik və mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevdən başqa elə bir dövlət başçısı yoxdur ki, təkcə Qafqazda yox, həm də bütün Avropada və onun hüdudlarından kənarda beynəlxalq sülh, təhlükəsizlik və iqtisadi inkişaf üçün bu qədər iş görsün".

P.Teys qeyd edib ki, Forum humanitar yardımdan dezinformasiyayadək, informasiya müharibəsi, Bakı prosesinin 10-cu ildönümü və dünyanın üzləşdiyi digər aktual məsələləri müzakirə edib.

Politoloqun sözlərinə görə, təəssüf ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi barədə söz düşərkən susqunluğunu qoruyur və ATƏT-in Minsk qrupu öz əhəmiyyətini itirib:

"ATƏT Minsk qrupu ilkin olaraq nəzərdə tutulan missiyanı yerinə yetirmir və hesab edirəm ki, BMT və digər müvafiq strukturlar bu məsələyə diqqətlə yanaşmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinin reallaşdırılması prosesinə birbaşa təsir edir. Qafqazda sülh olmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan dayanıqlı inkişaf məqsədləri icra olunmayacaq".

Ekspert vuruğulayıb ki, Dağlıq Qarabağdakı vəziyyət çox faciəvidir:

"Hər gün erməni qoşunları tərəfindən təxribatlar törədilir. İri beynəlxalq KİV-lər bu problemə kifayət qədər diqqət ayırmır. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitlə bağlı ciddi problemlər müşahidə olunur".

P.Teys qeyd edib ki, Azərbaycan hökuməti bu münaqişənin sülh yolu ilə həlli üçün böyük səbir və anlayış nümayiş etdirir, səylərini əsirgəmir:

"Amma digər tərəfdən Ermənistanın yeni rəhbərliyi status-kvonu saxlamağa və səmərəli danışıqlardan qaçmağa cəhd göstərir. Ermənistan üzərində beynəlxalq təzyiqin olmaması dərin narahatlıq doğurur. Metsamor atom elektrik stansiyası ilə bağlı problem də Avropa Şurası Parlament Assambleyasında heç vaxt müzakirə olunmayıb. Bu təkcə Ermənistanın yox, həm də bütün regionun problemidir".

Amerikalı ekspert bildirib ki, Azərbaycanla Avropa arasındakı münasibətlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qəbul edilən birbaşa və konkret tədbirlərlə müşayiət olunmalıdır:

"Son illər ərzində Azərbaycanda yüksək sürətlə enerji layihələri reallaşdırılır, ölkə Avropaya təbii qaz tədarükündə böyük irəliləyişə nail olub. Amma eyni zamanda Avropa ölkələri və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında konkret nəticələr göstərmir. Avropanın enerji təhlükəsizliyi və Azərbaycanın ərazi bütövlüyü məsələləri ayrı-ayrılıqda yox, birgə nəzərdən keçirilməlidir".

Son 15 ildə Azərbaycanın inkişafından danışan P.Teys bildirib ki, ölkə hökuməti iqtisadiyyatı uğurla şaxələndirməyə müvəffəq olub:

"Biz Azərbaycanda ciddi makroiqtisadi inkişafı müşahidə edə bilərik. Azərbaycan Prezidenti kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edən müsbət və praqmatik siyasət sayəsində milli iqtisadiyyatı şaxələndirməyə müvəffəq olub. Bu da, öz növbəsində, qısamüddətli perspektivdə işsizliyin səviyyəsini daha da azaltmağa imkan verəcək".

Amerikalı ekspert qeyd edib ki, Azərbaycanın unikal mədəniyyəti, tarixi var:

"Azərbaycan mədəniyyətinin ABŞ-da təşviqi Prezident İlham Əliyevin, həmçinin fəal şəkildə mühazirələr və ictimai tədbirlər təşkil edən Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun qətiyyətli fəaliyyəti sayəsində müsbət nəticə verir. Bu da Azərbaycanı Amerika cəmiyyətinə daha yaxın etməyə imkan verir. Azərbaycan multikulturalizmi dünya üçün böyük dəyərdir. Bakı dünyada multikulturalizmin və dinlərarası dialoqun mərkəzinə çevrilib. Eyni zamanda, Bakı müxtəlif memarlıq məktəblərinin ahəngdarlıq təşkil etdiyi fərqli məkandır. Bu, Azərbaycan mədəniyyəti, tarixi və folkloru barədə çox şey deyir. Digər mühüm amil isə Azərbaycanla ABŞ arasında hazırda ən yüksək səviyyədə olan iqtisadi əməkdaşlıqdır. Azərbaycan diasporu da iki ölkə arasında əməkdaşlıqda və iki mədəniyyətin, dövlətin və hökumətin qarşılıqlı fəaliyyəti zamanı fikir ayrılığının aradan qaldırılmasında mühüm rol oynayır".

P.Teys Azərbaycan və Latın Amerikası ölkələri arasında münasibətlərin inkişafı üzrə şəxsi təşəbbüsündən də danışıb:

"Hazırda təşviq etdiyim layihələrdən biri Azərbaycanla Argentina arasında turizm layihəsidir. Biz Azərbaycana Argentinadan 3 qrup turist cəlb etməyə çalışırıq. Hər qrupa təqribən 10 nəfər daxil olacaq. Həmçinin yaxın illərdə Uruqvay və Çilidən Azərbaycana bir sıra turist səfərləri təşkil ediləcək".

Son.az 


Xəbərə aid fotolar