Tanınmış vəkil: “Zinaya görə qadın və kişilərin daşqalaq edilməsini dəstəkləyirəm” FOTO


Digərləri 29 Okt 2018 16:50:00 303 0

Tanınmış vəkil: “Zinaya görə qadın və kişilərin daşqalaq edilməsini dəstəkləyirəm”  FOTO

Bir dəfə Facebook-da Əkrəm Həsənov vaxtı ilə ateist olduğunu, sonra isə dinə gəldiyini yazmışdı. Bu baxımdan onunla dini mövzuda söhbət etmək maraqlı gəldi.

illi.Az modern.az-a istinadən iqtisadçı-ekspert, vəkil Əkrəm Həsənovla müsahibəni təqdim edir:

- Əkrəm müəllim, əvvəliniz ateist olub. Bu necə baş verdi? Və necə oldu ki, sonradan dinə gəldiniz? 

- Mən Mərdəkanda, Mirmövsüm ağanın ziyarətgahının yaxınlığında, "Şimal DRES" deyilən yerdə doğulmuşam. Uşaq vaxtı bizi ziyarətə tez-tez aparardılar.

3-4 yaşımda olanda məni də Mirmövsüm ağa pirinə aparırdılar, gedirdik, qəbri öpürdük, dal-dalı çıxırdıq. Haradasa 10 yaşımda məndə belə şeylərə qarşı pis münasibət yarandı. Düşündüm ki, daşları öpmək, ölüdən nəsə istəmək mənasızdır. 12 yaşımdan düşünməyə başladım ki, artıq Allah yoxdur.

Digər dinlərlə də maraqlanırdım. Xristianlığı heç cür başa düşmürdüm. Ata, Oğul, Müqəddəs Ruh üçlüyünü qəti qəbul etmirdim. İslamı da həmçinin. Ona görə də ateist oldum. Əlbəttə ki, bir uşaq necə ateist ola bilərsə, mən də elə ateist idim.

Mütaliə edirdim, hesab edirdim ki, insan meymundan əmələ gəlib. Sadəcə yenə də məndə 15-16 yaşımda müəyyən suallar yarandı. Dostoyevskinin məşhur "Karamazov qardaşları" əsərində böyük qardaşın bir sözü var: "Allah yoxdursa, o zaman hər şeyi etmək olar". Bu ifadə mənə çox pis təsir etmişdi. Bizim doğuluşumuz, meymundan əmələ gəlməyimiz təsadüfdürsə, o zaman həyatın heç bir mənası yoxdur. Bu zaman ideallar və digər mənəvi şeylər də fiksiya olur. Artıq 19-20 yaşımda ali məktəbdə oxuduğum dövrdə, Lev Tolstoyun "Etiraflarım" əsərinə baxdım. Bu, əsərdə Lev Tolstoyun din haqda fikirləri yer alır. Tolstoy deyirdi ki, provaslıqla İslam arasında seçim etməli olsa, İslama üstünlük verər. Bu əsər mənə çox təsir etdi. Tolstoy qeyd edirdi ki, "A" deyirsinizsə, "B" də deməlisiniz.

Ateistlər, xüsusən də müasir ateistlər özlərini bir növ elə aparırlar ki, guya bunlar hər şeyi bilirlər, biz isə hər şeydən məlumatsızıq. Amma o ateistlər "A" deyəndə, "B"ni demirlər. 

- Nəyi nəzərdə tutursunuz? 

- Tanınmış İsrail tarixçisi var - Yuval Harari. İndi çoxu onun kitablarını oxuyur. Hər yerdə deyirəm ki, Harari ən ardıcıl ateistdir. O, "A" da deyir, "B" də deyir, "C" də deyir. O deyir ki, nəinki Allah və dinlər, eləcə də, insan hüquqları, demokratiya, liberalizm də boş şeydir. Mən o fikirləri qəbul edirəm. Amma indiki ateistlərin çoxu liberalizmdən, demokratiyadan danışır.

Niyə bir şeyi haqq sayırsınız, digərini yox? 

- Bəs siz necə, "A"nı deyib, sonra ardınca "B" ni deyənlərdənisiniz?

- Mən dindəyəm. 

 - Bildik, yəni demək istəyirik ki, ateizmlə bağlı olan "B" hissəni deyirsiniz? 

- Məndində "A"nı da, "B"ni də deyənlərdənəm. Ən çox xoşalmadığım insanlar ikiüzlülərdir. Yəni, birini deyib, o birini deməyənlərdir. Ay qardaş, sən ateistsənsə, tənqid edirsənsə, o zaman Harari kimi  digər tərəfi də vurğula. Sizin də bu gün dediyiniz insan haqları, demokratiya, liberalizm fiksiyadır.

Eyni məsələ dindarlar arasında da var. Mən o kəsləri bəyənmirəm ki, onlar dində, olan hər şeyi demirlər. Misal üçün, bir insan dindardır. Amma qayıdıb deyir ki, bizə şəriət qanunları lazım deyil. Deyirlər ki, şəriət qanunları köhnədə qalıb. Bildirirlər ki, oğrunun əlini kəsmək olmaz və sair. Bu cür dindarlar da artıq "B"ni demirlər. Sən əgər dindəsənsə, onda dində olan hər şeyi dəstəklə.

Yoxsa, sən bir hissəsini qəbul edirsən, digərindən isə çəkinirsən. Müasir dövr olduğuna görə, onları dilə gətirmirsən, ictimai qınaqdan qorxursan. Mən isə elə demirəm. Mən dində olan hər şeyi dəstəkləyirəm. Onu da demirəm ki, kim oğurluq etdi, gedək, əlini kəsək. Mən deyirəm ki, bizim dövlət şəriət qanunları ilə idarə olunmur. Öz qanunlarımız olduğuna görə, cəzalar da ona görə müəyyənləşir. Dini cəzaları qazı verməlidir. Azərbaycanda isə qazı yoxdur. Siz, mən isə gedib oğrunun əlini kəsə bilmərik. Və ya zina etmiş kişi və qadını daş-qalaq edə bilmərik. Bu, cəzanı qazı verməlidir. 

- Yəni, siz, zinaya görə daş-qalaq etməyi, ya da hansısa əmələ görə insanları şallaqlamağı dəstəkləyirsiniz?

- Bəli, mən zinaya görə qadın və kişilərin daş-qalaq edilməsini dəstəkləyirəm. Mən deyirəmsə ki, Allah haqdır, deməli onun qanunları da haqdır. "B" ni deməyənlər isə vurğulayırlar ki, bizə belə qanunlar lazım deyil. 

- Özünüz şəriətin bütün normalarına əməl edirsiniz? 

- Mən şəriətin bütün qaydalarına əməl etmirəm. Riayət etmirəm, ona görə ki, buna gücüm çatmır. Bəzilərini isə başqaları birtəhər baxacaq deyə etmirəm. Amma şəriətin bütün normalarını dəstəkləyirəm. O qanunların hamısı düzdür. Mən 1998-ci ildə İslama gəlmişəm. Doğulduğum mühitdə şiəlik inancı geniş yayılmışdı. Atam Lerikdəndir, anam da bakılı. Hamısı qatı şiə idilər. Mən isə şiəliyə yox, sünniliyə gəldim. Çünki Allahla insan arasında vasitəçilərin olmasını qəbul etmirəm.

Mən İslama gələndə bir şiə dostum dedi ki, şiəliyi seç. "Sünnilik haramdır, şiəlik haqdır" deyirdi. Söyləyirdi ki, sən qızlarla da görüşmüsən. Deyirdi ki, bu, günahdır.

O da mifdir ki, oğlanla qız nikahdan qabaq görüşüb, danışa bilməz. Əslində isə olar, amma şahidlərin yanında. İslamda belə bir şey yoxdur ki, oğlanla qız bir-birini tanımadan, görmədən evlənsin. Sadəcə öz valideynlərinin yanında və ya başqa şahidlərin yanında görüşə bilərlər. 

- Əkrəm müəllim, müasir dövrdür, gənc qızla oğlan görüşəndə valideyn mütləq yanında olmalıdır? Sizcə, dediyiniz qəribə səslənmir?

- Lap deyək ki, valideynləri yanlarında olmasın, amma başqa şahidlər olmalıdır. 

- Əkrəm müəllim,  sevgililər istəmir ki, görüşəndə yanlarında başqa adamlar olsun. Bu təbii və məntiqli istəkdir axı. 

- Baxın, mən İslam qaydasını deyirəm. İslama görə, qızla oğlan görüşəndə yanlarında şahidlər olmasa, mütləq aralarına şeytan girəcək. Hesab edirəm ki, bu düzgündür. Mən ümumiyyətlə kişi ilə qadın arasında dostluğa inanmıram.

Amerikada tendensiya yayılıb - ona harassment (təcavüz, basqı) deyirlər. Məlum olur ki, dünyanın ən demokratik ölkəsi sayılan Amerikada kinoda, digər sahələrdə qadınlara basqı edirlər. Vacib deyil ki, bu, mütləq zorakı olsun. İnsanın təbiəti belədir ki, qadın asılıdır. Qadın kişidən asılı vəziyyətdə olanda mütləq nə isə baş verir. Amerikada belə şeyləri indiyə qədər gizlədirdilər. Amma hər şey üzə çıxdı.

Amerikalı model Sindi Kroufordun belə sözü var: "Mən o aktrisaları, modelləri başa düşmürəm ki, onlar karyeralarını yataqdan qurduqlarını etiraf etmirlər. Halbuki, bu, bizim peşəmizin məsrəfləridir".

Yaxşı etirafdır. Sözü o şiə dostuma gətirərəm. Mən hesab edirəm ki, Allah qarşısına günahla çıxmaq yaxşıdır. Çünki hamımız günah edirik. Ən pisi Allahın qaydasını dəyişməyə çağırışlardır.

Allah da Quranda buyurur ki, şirkdən başqa bütün günahları bağışlaya bilər. Mən də ümid edirəm ki, Allah günahlarımı bağışlayacaq. 

- Sizə görə, din sırf Qurandan ibarətdir?

- Xeyr. 

- Bu sual niyə səsləndi? Çünki daş-qalaq məsələsi Quranda yoxdur, siz isə onu dəstəkləyirsiniz. Digər məsələ, bayaq üzərinizdən keçdiyiniz məqamlarla bağlıdır. O məqam ki, Quranda həqiqi mənası olan ayələri müasirləşdirmək cəhdlərinə baş vurulur. Quranda buyurulur ki, qadınlarınız sözə baxmasa, onları döyün. Buna isə fərqli məna yükləyirlər. 

- Birincisi, İslam dini təkcə Qurandan ibarət deyil. İslamın ikinci böyük mənbəyi peyğəmbərin sünnəsidir, yəni hədislərdir. Bundan başqa müsəlman alimlərin gəldiyi qənaətlər İslamın mənbəyidir.

Qadını vurmağa gəlincə, qadını vurmaq, İslamda ən son həddir. İkincisi də, necə vurmaq məsələsidir. Məsələn, qadının üzünə vurmaq olmaz, başqa yerinə də vuranda elə etmək lazımdır ki, iz qalmasın. Yəni kişilər qadınlarını şikəst etmək üçün vurmamalıdır.

Hüquqşünasam, buna görə də İslam mənim üçün həm də qanunlar külliyyatıdır. Sadəcə bu qanunlar başqa müstəvidədir, dünyəvi qanunlar deyil. Mən hazırda təbii ki, dünyəvi qanunlarla işləyirəm və praktikamda onları rəhbər tuturam.

Yusif peyğəmbər gedir, Misirin rəhbəri olur. Yusif peyğəmbər o dövlətin qanunlarına əsasən, idarə etməyə başlayır. Halbuki özü peyğəmbər idi.

Baxın, müəyyən insanlar dövlətə qarşı üsyan edir, qiyama qalxırlar. Bu zaman nə etmək lazımdır? Təbii ki, zor tətbiq etmək gərəkdir. Yoxsa bizdə, 1993-cü ildə Surət Hüseynov üsyan edəndə, dövlət məmurları onun qabağından qaçmağa başladı. Halbuki, bu, belə olmalı deyildi.

Ailədə də bir nəfərin sözü daha üstün olmalıdır. Bu, istənilən yerdə belədir. Qadın ərinə heç tabe olmursa, kişi nə etməlidir? Ailəsini qorumaq üçün, saxlamaq üçün, nəsə etməlidir. Təbii ki, insan ideal deyil. Məhəmməd peyğəmbər özü də deyirdi ki, hansısa ölkəni zəbt edəndə, oranın qadınlarına, hətta ağaclarına zərər vurmayın. - Amma elə peyğəmbər özü də əsir qadınları özünə cariyə edib. 

- Bəli. Müharibə zamanı belə olur ki, qadınların ərləri qırılır. Və onlar digər ordunun əsgərlərinin kollektiv qurbanı olublar. Yəni əsgərlər o qadınları zorlayıblar. Doğulan uşaqlar da bic olub.

Peyğəmbər isə deyirdi ki, qarşı tərəfin qadınlarını cariyə kimi götürün. Özü də biriniz, hamınız yox. Yəni İslamda bu məsələdə kollektivlik yoxdur.

Peyğəmbər buyurur ki, o qadınlardan doğulan uşaqlar da sənin qanuni övladındır. O baxımdan ki, sənin vərəsəndir. İslam bu məsələdə qadını qoruyur. Sən çıxıb gedəcəksən, bəlkə quldurlar gəlib ona sahib olacaq. Bu problemin optimal həlli həmin qadınları cariyə etmək idi. 

- Peyğəmbərin kifayət qədər qadını var idi, nə vacib idi ki, başqalarını da cariyə seçsin?

- Peyğəmbər nə edibsə, nə deyibsə, özündən etməyib. Onun elədikləri, Allahın dediklərinə əsasəndir. Məhəmməd peyğəmbər bəzi şeyləri ibrət olsun deyə edirdi.

Bu gün Məhəmməd peyğəmbəri çox ittiham edənlər deyirlər ki, o, 4 arvad almağı buyurub.

Məhəmməd 40 yaşından sonra peyğəmbər olub. O zaman da ilk arvadı Xədicə sağ idi. Peyğəmbər bir qayda olaraq dul qadınları alıb. Yalnız Aişə istisna olmaqla. Peyğəmbərin hərəkət və addımları o qadınlara kömək etmək məqsədi daşıyırdı. Çünki o qadınlar tək qalmışdı. 

- Dediniz ki, şəriətin bütün qanunlarını dəstəkləyirsiniz. Fərz edək ki, şəriətin üstün olduğu bir yerdəsiniz. Hüquqşünas olaraq gedib kiminsə daş-qalaq olunmasında iştirak edərsinizmi? 

- Bu sualın cavabını deyə bilmirəm. 

- Niyə, onda belə çıxır ki, Allahın qanunlarını ürəkdən dəstəkləmirsiniz? 

- Tam ürəkdən dəstəkləyirəm. Ola bilər ki, daş-qalaq olunan mənim yaxından tanıdığım şəxsdir. Ona görə də, istəmərəm ki, gedib o prosesdə iştirak edim. Bizdə adətən daş-qalaqdan söhbət gedəndə ancaq qadın yada düşür. Halbuki, kişiləri də daş-qalaq edirlər. Söhbət zinadan gedirsə, hökm kişiyə də, qadına da aiddir.

- Quranda zinanı sübut etmək üçün 4 şahid tələb olunur. 

- Bəli, bu 4 şahid qadına da, kişiyə də aiddir. Bu məsələnin özü isə çətindir. 

- Şahid gətirmək məsələsi heç real da görünmür. 

- Nədir qeyri-real olan?


Xəbərə aid fotolar