Koreyalı gəncin layihəsi Azərbaycan cəmiyyətində müsbət qarşılanıb FOTO


Digərləri 29 Okt 2018 01:30:00 283 0

Koreyalı gəncin layihəsi Azərbaycan cəmiyyətində müsbət qarşılanıb   FOTO

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Arıçılıq vasitəsi ilə ucqar bölgə və kəndlərdə yaşayan məcburi köçkün və qaçqınlara yardım etmək və ətraf mühiti yaxşılaşdırmaq üçün "Arı mənim işimdir" layihəsi həyata keçirilib. Bu könüllü layihə onun qurucusu olan Van Kimin öz tələbə təşkilatı G.İ.V.E-in Bakı Beynəlxalq Məktəbi ilə əlaqə qurması nəticəsində yaranıb. Layihə əsasən iki dövrü əhatə edir: 1-ci sessiya  2017-ci ilin iyulundan 2018-ci ilin oktyabr, 2-ci sessiya 2018-ci ilin sentyabr ayından 2019-cu ilin oktyabr ayınadək (4-cü bölüm) nəzərdə tutulub. 

Layihənin həyata keçirilməsində məqsəd qaçqın və məcburi köçkünlərin özlərinin yaşayışını təmin edə bilmələri üçün iqtisadi müstəqillik və mobilliklə təchiz etmək, şəhər və kənd ərazilərində arıların sayını artırmaq, ətraf mühitə fayda verməkdir.

Van Kim yay tətili müddətində - 2017-ci ilin iyul-avqust aylarında arı və arıçılıqla bağlı tədqiqatlar aparıb. Sentyabr ayında "Arı mənim işimdir" layihəsini planlaşdıraraq inkişaf etdirib. G.İ.V.E məktəbində görüşlər təşkil edərək məktəb yoldaşlarını bir araya toplayıb və oktyabr ayında həmin layihəni Xocavənd rayonunun icra başçısına yönləndirib. Həmçinin rayonun iqlim şərtlərinə uyğunlaşdırmaq üçün arıçılıqla bağlı kurikulumu layihələndirib.

O, layihənin maddi tərəfini həll etməyə məktəbdə vafli satışı həyata keçirməklə yardım toplamaqdan başlayıb. Daha sonra Azərbaycan Respublikasının Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, diplomatik missiya rəhbərinin xanımı da daxil olmaqla Azərbaycanda bir çox başqa təşkilatlara yardım üçün məktub yollayıb.

Layihə xərclərini: avadanlıq, arı pətəkləri, təlimçilərin xərclərini maliyyələşdirmək üçün 3235 ABŞ dolları toplamağa nail olub. Yerli bələdiyyənin məsləhəti ilə təlimçiləri seçib və nəzərdə tutulan 15 məcburi köçkünü seçmək üçün müraciətçilərlə söhbət edib. 4 mart 2018-ci ildə arıçılıqla bağlı əsas təlim kurslarına start verilib. Həmçinin xərclərin azaldılması və layihənin stabilliyinin qorunması üçün pətəklərin inşaat təliminə başlanılıb. Layihədə iştirak edənlər tərəfindən əl işindən ibarət arı pətəkləri hazırlanıb. Arı yeşiklərində arıların çoxalması üçün Ana arılar alınıb. Beləliklə, iyunun 6-dan avqusta qədər davam edən əsas arıçılıq prosesini başladıb.

Van Kim yay tətilində Xocavəndə səfər edərək layihənin uğuruna şahid olub, həmçinin rayonun icra başçısı, təlimçi və iştirakçılarla söhbət edib, layihənin gələcək planları ilə bağlı müzakirələr aparıb. O, Xocavənddə məcburi köçkün olan arıçılara yardım etmək üçün könüllü işlərə qoşulmaqla bərabər, layihəni tanıtmaq üçün Xəzər TV-nin müxbirinə müsahibə verib. 

Bu il avqustun axırında toplanan Xocavənd balının ədalətli ticarətə uyğun olaraq satışı və marketinqi həyata keçirilib. Xocavənd və "Arı mənim işimdir" layihəsi arasındakı əməkdaşlığı ifadə edən qablaşma üçün etiketlər dizayn olunaraq nəşr edilib. Belə ki, hər birinin çəkisi bir kiloqram olan 100 bal bankası Bakıya göndərilərək satılıb. Satışa və məcburi köçkünlərə kömək məqsədi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycanın digər ərazilərində məskunlaşmış məcburi köçkün ailələrinə paylamaq üçün 40 kiloqram (80 banka) bal alıb.

Layihənin ikinci mərhələsini maliyyələşdirmək üçün diplomatik missiya rəhbərinin xanımı 1765 ABŞ dolları həcmində yardım edib. "Arı mənim işimdir" layihəsinin ikinci sessiyası sentyabrın 22-də başlayıb və 2019-cu ilin sentyabr ayınadək davam edəcək. 

Layihənin tanıtımı  

Van Kim "Arı mənim işimdir" layihəsi üçün arıçılıqla bağlı bir kitab nəşr etdirib. Məqsəd layihəni Azərbaycanın digər bölgələrində yaşayan məcburi köçkünlər arasında təbliğ etməkdir. 


Xəbərə aid fotolar