Solaxay məşhurlar


Digərləri 28 Okt 2018 22:45:00 315 0

Solaxay məşhurlar

Tanrı insanın sağ tərəfini sol tərəfindən daha qüvvətli və iqtidarlı yaradıb. Buna görə də insanlar əksər işləri sağ əllə görürlər. Amma anadan solaxay doğulanlar da olur. Demoqrafiya məsələlərilə məşğul olan beynəlxalq ekspertlərin müşahidələrinə görə, son illər dünyada solaxay doğulan insanların sayı artmaqdadır. Amma alimlər hələ ki insanların solaxay doğulmasının səbəblərini müəyyənləşdirə bilməyiblər. Qeyd edək ki, dünyada yaşayan solaxayların ayrıca günü də var. Hər il avqustun 13-də bu qəbildən olan insanlar Ümumdünya Solaxaylar Gününü qeyd edirlər. Beynəlxalq Solaxaylar Günü 1992-ci ildə Britaniya solaxaylar klubunun təşəbbüsü ilə təsis edilib.

Dünyada solaxaylar hərəkatının vüsət almasının maraqlı tarixçəsi var. Son.az moneta.az-a istinadən bildirir ki, 1980-ci ildə ABŞ-ın Missuri ştatından olan polis əməkdaşı Franklin Uinborn qoburu (tapança qabını) sol tərəfində daşıdığından rəhbərlik onu işdən çıxarıb. F. Uinborn solaxay olduğundan qoburu kəmərinin sol tərəfindən asırdı, halbuki, nizamnaməyə görə o, tapança qabını sağ tərəfində daşımalı idi. O zaman polis işçisinin məhz solaxay olmasına görə işdən çıxarılması Amerikada ciddi əks-səda doğurub. Amerikalı solaxaylar F.Uinbornun müdafiəsilə bağlı mitinlərə başlayandan sonra məhkəmə adı çəkilən polis əməkdaşının öz işinə bərpa edilməsinə dair qərar çıxarmağa məcbur olub.

Beləcə dünyada solaxaylar hərəkatı baş qaldırıb. Sonralar digər ölkələrdə də solaxaylara qarşı ədalətsizlik baş verəndə, kütləvi etiraz aksiyaları keçirilib.

Solaxaylar gününün keçirlməsində məqsəd bu qəbildən olan insanlara dəstək olmaqdır. Solaxayların Beynəlxalq Assosiasiyasının mənzil-qərargahı ABŞ-ın Kanzas ştatındakı Topika şəhərində yerləşir. Bu assosiasiya "Solaxaylar haqqında qanun layihəsi" də hazırlayıb.

Vaxtilə bir sıra ölkədə solaxaylar diskriminasiyaya məruz qalıb, onlara qarşı haqsızlıqlar edilib. Məsələn, bəzi dinlərə görə şeytan da solaxaydır və bundan sui-istifadə edənlər solaxayları şeytanla eyniləşdirməyə çalışaraq onlara qarşı hücumlar təşkil ediblər. Həm xaçpərəstlər, həm də müsəlmanlar solaxaylığı şər qüvvələrlə bağlayırdılar.

Sovet dövründə SSRİ-nin əksər məktəblərində solaxay uşaqları sağ əllə yazmağa məcbur ediliblər. Bu cür hallar xüsusilə Rusiya ərazisində müşahidə edilib. Sovet hökuməti qurulmazdan əvvəl Rusiyada hətta solaxaylara məhkəməyə müraciət etmək də yasaq edilmişdi.

Böyük Britaniyada indi də solaxay məktəblilər sağ əllə yazmağa məcbur edilirlər. Alimlər belə məcburiyyətlərin solaxay uşaqlara psixoloji təsir etdiyini bildirirlər. Ümumiyyətlə dünyada solaxaylara qarşı münasibət heç vaxt birmənalı olmayıb. Məşhur psixoloq Lombrozo idda edib ki, guya solaxaylar potensial cinayətkarlardır və bu üzdən də onların tez-tez cəzaçəkmə müəssisələrinə düşməsi təsadüfi sayılmamalıdır. Lakin psixoloqun bu iddiası sonradan rədd edilib.

Bəzi məlumatlara görə, hazırda dünya əhalisinin 15-20 faizini solaxay insanlar təşkil edir. Alimlər solaxaylığın genetik səbəblərə əsaslandığını düşünürlər. Böyük Britaniya tədqiqatçıları bunu təsdiq edən genlər aşkarlayıblar. Sağəlli insanlarda beynin sol yarımkürəsi nitq və dilə, sağ tərəfi isə hissiyatlara nəzarət edir. Lakin solaxaylarda bunun tamamilə əksi müşahidə olunur. Mütəxəssislərin qənaətinə görə, solaxaylar beynin hər iki tərəfindən daha asanlıqla istifadə edə bilirlər. Solaxaylığın genlər qrupu olduğu bildirilir. Lakin hansı genlərin - hələ dəqiq məlum deyil.