Qadinlar ev işlərindən niyə imtina edir?


Digərləri 28 Okt 2018 22:10:00 281 0

Qadinlar ev işlərindən niyə imtina edir?

Yemək bişirmək, evi səliqəyə salmaq, uşaqlara baxmaq qadın işidir. Amma nədənsə müasir qadınlar tədricən bu adəti unudur və ev işləri görmək istəmirlər. Daha çox xadimə, xidmətçi və dayələrin xidmətindən yararlanmağa üstünlük verirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloq Jalə Həmidlinin sözlərinə görə, müasir zamanda əksər qadınlar yemək bişirmək və başqa ev işlərini görməkdən imtina edirlər: "Onlar daha çox karyera qurmaq, mədəni istirahət, özünə qulluq etmək istəyirlər. Xüsusilə də işləyən qadınlar daha çox yorulur, həm iş, həm ev, həm də uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirlər. Bu qədər işləməklə yanaşı onlar həm də baxımlı, səliqəli və gözəl görünməyə də çalışırlar. İşləməklə yanaşı onlar dəblə bağlı xəbərləri izləməyə, kolleksiyalarla maraqlanmağa vaxt da tapırlar. Bütün bunlar da ona gətirib çıxarır ki, müasir qadın kişiyə nisbətən daha çox enerji sərf etməli olur. Buna baxmayaraq, ailədə ondan daha çox şey tələb olunur. Bu da müasir qadınların xidmətçi və ya dayə axtarışında olmasına gətirib çıxarır".

Həmidli bildirir ki, qadınları ev işlərindən uzaqlaşdıran onların daim gözəl görünmək istəyidir: "Məhz bu tip qadınlar ev işi görməyi özlərinə sığışdırmırlar. Onlar yemək bişirərkən yemək iyinin paltarlarına hopmasından ehtiyat edir, ev işləri görərkən manikurlarının xarab olmasından dəhşətə gəlirlər. Onlar hər gün mükəmməl görünməyə çalışır, gözəllik salonlarında vaxt keçirir və özlərini əziyyətə vermək istəmirlər. Bəziləri hətta qorxur ki, ev işlərini görmək, qazın qarşısında vaxt keçirmək onları eybəcərləşdirə bilər".

Ev işlərindən qaçmağın başqa bir səbəbi isə müasir qadınların uzun müddət pəhriz saxlaması və zəifləməsidir. Onlar zəiflədiyi üçün iş görə bilmir və xroniki yorğunluqdan əziyyət çəkirlər. Əgər əvvəllər artıq çəkili xanımlar gözəl sayılırdısa, bu gün gözəllik standartları dəyişib. İndi qadınlar daha çox arıq olmağa çalışır ki, bu da onların səhhətində mənfi iz buraxır. Bəzən normadan da çox arıqlayan xanımlar bununla da sakitləşmir və pəhriz saxlamağa davam edirlər. Bu cür vəziyyətdə isə heç bir ev işindən söhbət belə gedə bilməz. Pəhriz saxlayan qadın həyat yoldaşı və uşaqları üçün dadlı və yağlı yeməklər bişirərkən özü də pəhrizini pozmuş olur ki, bu onun üçün yolverilməzdir. Qadınların vaxtının çox hissəsini trenajor zallarında, üzgüçülükdə, aerobikada keçirməsi də onları ev işlərindən uzaqlaşdırır.

Əlbəttə ki, qadının ev işlərindən imtina etməsi onun tənbəlliyindən də xəbər verə bilər. Son vaxtlar qızlar ev işi görməmək üçün varlı oğlanla ailə həyatı qurmağa can atırlar. Belə ki, kasıb adamla ailə həyatı qurduqda onlar nə xidmətçiyə, nə də dayəyə pul tapa biləcəklər. Özləri evdə oturub yemək bişirməli, qab yumalı, ev süpürməli olacaqlar. Xüsusilə də, əgər gənc xanımların ətrafında imkanlı və ev işlərini bütünlüklə xidmətçilərə həvalə edən xanımlar varsa, onlar kasıbla ailə həyatı qurmaq fikrini ağlına belə gətirmirlər. Varlı, gözəl və ağıllı ər axtarışında olan belə qızların əksəriyyəti isə tələblərini yerinə yetirə bilən adam tapmayıb subay qalırlar.