Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"


Digərləri 28 Okt 2018 18:16:00 288 0

Nevroloq: "Bu əlamətlərdən hansısa varsa, mütləq həkimə müraciət edin"

Bu gün insanların əksəriyyəti depressiyada olduğundan şikayətlənir. Böyükdən tutmuş kiçiyə qədər, istənilən yaş dövründə olan insan fərqinə belə varmadan depressiyaya düşdüyünü deyir. Onlayn depressiya testləri, saysız psixoloqlar ordusu isə bu "xəstəliyin" qarşısında, demək olar ki, aciz qalıb.

Maraqlıdır, əslində depressiya nədir, nədən və necə yaranır? 

Son.az bildirir ki, Sputnik Azərbaycan-ın müxbiri bu və ya digər suallara cavab tapmaq üçün Avropa Nevrologiya Akademiyasının üzvü, nevroloq Qalib Əsədova müraciət edib və hər kəsi depressiya ilə bağlı maraqlandıran suallara cavab tapmağa çalışıb.

- Qalib həkim, indi hamı depressiyada olduğunu deyir, həyatdan bezdiyindən şikayətlənir. Depressiya nədir axı?

- Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadır. Çünki ətrafımıza diqqətlə baxsaq, hansısa ailə üzvümüzün və ya hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Sadalayacağım əlamətlərin bəziləri hansısa şəxsdə varsa, bu, onun depressiyada olduğunu göstərir.

Özünü kədərli, dəyərsiz, ümidsiz, çarəsiz hiss etmək və daxilində boşluq duyğusunun olması, qərar vermə çətinliyi, yaddaş və diqqət pozğunluğu, daha əvvəl zövq alınan iş və fəaliyyətlərdən, hətta cinsi əlaqədən belə zövq ala bilməmək, işdə, məktəbdə, ailə və dostları ilə əsassız yerə problemlərinin olduğunu düşünmək. Həmçinin digər insanlardan uzaqlaşma, tək qalma istəyinin olması və özünə qapanmaq, enerji azlığı, yorğunluq hissi və tez əsəbiləşmə, yuxu pozğunluğu, iştahasızlıq və yaxud, əksinə çox yemək. Səbəbi müəyyən olmayan baş, boyun, kürək ağrısı kimi bədənin fərqli yerlərində davamlı ağrılar hiss etmək. Son zamanlarda çox spirtli içkilərdən, siqaretdən və s. daha çox istifadə edilməsi və ya sakitləşdirici dərmanları istifadə etmək ehtiyacı hiss etmək. Özünə zərər vermə, intihar planları qurmaq, intihar cəhdləri və ya öz cənazə mərasimini düşünmək. Gələcəyə ümidsizlik, işdən əli üzülmək və heç bir iş görə bilməmək.

- Depressiya nədən yaranır?

- Depressiya bəzən səbəb olmadan, qəfildən meydana çıxır. Bəzən isə stressli bir həyat hadisəsindən sonra başlayır. Bir dəfə başlayıb, çox uzun müddət, hətta bir ömür boyu də çəkə bilər. Ya da qısa müddətli və tez-tez təkrarlanan ola bilər. Depressiya şiddətləndikdə xəstələr heç bir işlə məşğul ola bilmir və yaxud nə isə etməyə çalışsalar belə, özlərini bədbəxt hiss edirlər.