Paşinyanın bəyanatlarında diaspor izi:


Dünya 28 Okt 2018 12:09:00 248 0

Paşinyanın bəyanatlarında diaspor izi:

Paşinyan etiraz aksiyaları dalğasında hakimiyyətə gələrkən Qərbdə və ABŞ-da olan ermənilərin hərtərəfli dəstəyini görmüşdü.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, Sərkisyanın müqavimət gücünü azaldan amillərdən biri də bu idi:

"Halbuki onun və Köçəryanın hakimiyyətə gəlməsində məhz erməni diasporu böyük rol oynamışdı. "Millətçi və böyük Ermənistan " kimi xəstə təfəkkürlərə malik olan diaspor o zaman Dağlıq Qarabağ separatçılarının liderlərini dəstəkləməklə həmin ideyaların inkişaf etdirilməsini qarşıya məqsəd kimi qoymuşdu. Uzun müddət rusiyameyilli Qarabağ klanının hakimiyyətdə qalmasının səbəblərindən biri də bu idi. Amma dünyada baş verən proseslərin gedişatında fərqli situasiya və istəklər meydana gəldi ki, diaspor da yeni qaydalara uyğun tələblər irəli sürməyə başladı. Ümumiyyətlə, onlar bir çox məsələlərdə vahid mövqedən çıxış etsələr də, yerləşdikləri coğrafiyaya uyğun olaraq fərqli siyasət yürütməyə məcburdurlar".

Ekspert vurğulayıb ki, Qərb və ABŞ-da olan diaspor nümayəndələri ilə Rusiyadakı diasporu eyniləşdirmək olmaz:

"Ən azından onlar ABŞ-Rusiya qarşıdurmasında mövqe bildirməyə məcburdur. Amma təsir imkanlarına, maliyyə resurslarını görə onlar arasında fərq böyükdür. O səbəbdəndir ki, İrəvanda Qərbdən gələn çağırışlara daha diqqətlə yanaşılır, nəinki Rusiyadan. ABŞ dövlətinin bu istiqamətdə istəkləri də mühüm rol oynayır. Geriyə baxsaq, görərik ki, Paşinyana qədər Qərb Ermənistanla hansısa ciddi siyasi əlaqələr qurmağa o qədər cəhdlər etməyib. Arada olan əlaqələr isə standart münasibətlər çərçivəsindən kənara çıxmamışdı. Çünki Qərb bilirdi ki, reallıqda Ermənistan Rusiyanın federasiya subyektlərindən biri kimidir və iqtisadi, hərbi cəhətdən bütünlüklə asılılıqdadır. Bütün bunlara rəğmən, ölkəyə dövlət səviyyəsində yardımlar edilirdi. Paşinyan baş nazir olandan sonra yardımlarda və siyasi münasibətlərdə artım baş verdi. Bu gün diaspor üçün vacib olan Dağlıq Qarabağ məsələsinə münasibətdir və bu sahədə dəyişiklik olunması onlar üçün arzuolunmazdır. Paşinyan isə bunları bildiyindən hakimiyyətə gələndən sonra özündən öncəkilərdən daha kəskin bəyanatlar verməyə başladı".

Ekspertin sözlərinə görə, hazırkı vəziyyətdə ABŞ-da olan diaspor Ağ Evin siyasi kursuna uyğun hərəkət etməklə rəsmilərə özünü yaxşı göstərməyə çalışır:

"Bu səbəblə Qərbi qane edən namizədin dəstəklənməsini sona qədər aparacaqlar. Əslində isə indiki zamanda elə vəziyyət yaranıb ki, Paşinyan və diaspor hərəsi öz planlarına görə bir-birlərindən yararlanmaq istəyir. Yəni siyasi və maddi maraqlar ortadadır".

Son.az