Millət vəkili: Bakı qlobal əhəmiyyət daşıyan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib


Digərləri 27 Okt 2018 12:54:44 208 0

Millət vəkili: Bakı qlobal əhəmiyyət daşıyan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib

Bakı qlobal əhəmiyyət daşıyan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib.

Bakı. Samir Əli - Bakı qlobal əhəmiyyət daşıyan humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib. R.Əliyev xatırladıb ki, növbəti VI Bakı Beynəlxalq Humanitar Forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub. Forumun əsas mövzusu Azərbaycanda həyata keçirilən insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunub: "2010-cu ilin yanvar ayında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, Birinci Bakı Beynalxalq Forumu təşkil olunub. Birinci Bakı Beynəlxalq Humanitar Forumu 2011-ci ildə keçirilmişdi və bu Forumda 20 ölkədən nümayəndələr iştirak etmişdisə, VI Forumda 90-dək ölkədən və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edib. Bu vaxta kimi keçirilən beş Forumda bütün dünyanı düşündürən, qlobal əhəmiyyət daşıyan 37 müxtəlif mövzu ətrafında "dəyirmi masa"lar təşkil olunub, müvafiq tövsiyələr qəbul edilib, dünya ictimayyətinə çatdırılıb. Beynəlxalq Humanitar Forum qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə müxtəlif ölkələrdən tanınmış dövlət xadimləri, Nobel mükafatı laureatları və nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının nümayəndələrini bir araya toplayan mötəbər tədbirdir". Deputat vurğulayıb ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalar və onların həyata keçirilməsi yollarının axtarılması diqqətdə saxlanılaraq dünyanı vahid məkan və bütün bəşəriyyəti bir cəmiyyət kimi görmək istəyi vurğulanıb. Forumda, həmçinin insanların dövrümüzün ən mühüm çağırışlarını qarşılamaq bacarıqlarına dərin inam, humanizm və bəşəri məsuliyətin zəruriliyi məsələləri önə çəkilib: "Azərbaycan Prezidenti cənab İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumundakı çıxışında qeyd etdi ki, əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri Azərbaycanda bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar və bu siyasət bu gün də davam etdirilir. Daha sonra dövlət başçısı bildirdi ki, ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası və tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Azərbaycanda multikulturalizim dövlət siyasətidir". R.Əliyev bildirib ki, iki gün davam edən tədbirdə iştirak edən qonaqlar Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə geniş məlumatlar əldə ediblər: "Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyada təbliğ edilməsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Forum çərçivəsində müxtəlif sesiya və panellərdə 150-dən çox məruzə dinlənilib və bəşəriyyəti narahat edən bir çox aktual məsələlərin həlli yolları araşdırılıb". Onun fikrincə, VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha göstərdi ki, dünya ictimaiyyətində bu Foruma maraq ildən-ilə artır və Bakı artıq dünyada mövcud olan qlobal miqyaslı, mühüm əhəmiyyət daşıyan, dünyanı narahat edən humanitar məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin