Bakıda evə girən oğrunu öldürən ataoğulu hansı cəza gözləyir?


Digərləri 27 Okt 2018 12:19:00 258 0

Bakıda evə girən oğrunu öldürən ataoğulu hansı cəza gözləyir?

Bir neçə gün əvvəl Bayıl qəsəbəsində yaşayan 54 yaşlı Sakit Abdullayev oğlu 18 yaşlı Faiq Abdullayevlə birlikdə evlərinə oğurluq etmək üçün daxil olan, əvvəllər məhkum olunmuş Əhəd Həsənovu bıçaqlayaraq qətlə yetiriblər.

Ata və oğlu saxlanılıb, faktla bağlı Səbail rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Görəsən, evə girən oğrunu öldürmək hansı hallarda cinayət məsuliyyətindən azad edir? Və ya bunu törədən şəxsi hansı cəza gözləyir? 

Son.az bildirir ki, oxu.az sözügedən məsələ ilə bağlı araşdırma aparıb. 

Cinayət işləri ilə məşğul olan vəkil Əfifə Əsgərova bildirib ki, hazırda işin bütün halları barədə məlumat olmadığı üçün yalnız bizə məlum olan hallarla bağlı hüquqi qiymətləndirmə mümkündür. 

Səbail rayonunun A.İsmayılov küçəsində üzərində zorakılıq əlamətləri olan cəsəd aşkarlanıb. Onun ata və oğul tərəfindən qətlə yetirilməsi güman olunur. Buna görə sözügedən cinayətdə iki iştirakçı ittiham olunur.

Təqsirsizlik prezumpsiyasının pozulması halına yol verməmək üçün hazırkı vəziyyətdə, yəni məhkəmənin ittihamın sübuta yetirilməsi barədə qanuni qüvvəyə minmiş hökmü olmadan cinayətin dəqiq kimin tərəfindən törədildiyini informasiya vasitəsilə bildirmək yolverilməzdir.

Odur ki, bildirəcəyimiz hüquqi rəylər və törədilmiş cinayətə görə nəzərdə tutulan cəzaların dairəsi hazırkı ehtimallara uyğun dəyərləndirmələrdən ibarətdir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Həmin məcəllənin 59-cu maddəsində sadalanan cəzanı yüngülləşdirən hallar sırasına (59.1.7) cinayətin zəruri müdafiənin və (59.1.8) cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi də aiddir.

Sözügedən hadisə barədə istintaq araşdırması aparılır, faktla bağlı müvafiq cinayət işi üzrə istintaq araşdırmaları başa çatdıqdan sonra iş məhkəməyə verilərkən hadisə ilə bağlı tərəflərin və şahidlərin ifadələri təkrar dinlənilməklə məhkəmə tərəfindən qərar qəbul ediləcək.

Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır.