Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib


Kriminal 27 Okt 2018 09:25:00 264 0

Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Oktyabr 25-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Azərbaycanın xalq artisti, görkəmli aktyor Rafiq Əzimovun 80 illik yubileyinə həsr edilmiş yubiley tədbiri keçirilib. 

Son.az bildirir ki, tədbirdə xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artist Elşən Rüstəmov ,tarix elmləri doktoru, professor Təvəkkül Səlimov və digər qonaqlar iştirak ediblər. 

İlk öncə Sarayın foyesində aktyorun çəkildiyi rolları əks etdirən foto sərgiyə baxış keçirilib. Tədbirn aparıcısı aktyorun həyat və yaradıcılığı haqqında geniş məlumat verdikdən sonra Rafiq Əzimov səhnəyə dəvət olunub. O, tədbir təşkilatçılarına  və tamaşaçılara öz minnətdarlığını bildirib və bu sarayda  onun yublleyinin belə  yüksək səviyyədə keçirildiyinə görə qürur duyduğunu söyləyib. R.Əzimov Bakı Şəhər Mədəniyyət  Baş İdarəsinin diplomu ilə təltif olunub. 

Daha sonra aktyorun sənət dostları çıxış edərək, görkəmli sənətkarın həm teatr həm də televiziyada qoyulan tamaşalardakı rollarından danışıblar. Bildirilib ki o, səhnədə yaratdığı obrazlarla yanaşı kino sahəsində də böyük uğurlar əldə edib. Peşəkar səhnəmizin ustad sənətkarlarından sayılan R.Əzimov S. Rəhmanın "Toy" komediyasında Mirzə Hüseyn, "Yalan"da Zəki, "Nişanlı qız"da Qasım, H.Cavidin "Şeyx Sənan"ında Anton, "İblis"də Kiçik zabit, C.Cabbarlının "Oqtay Eloğlu"sunda Oqtay, "Aydın"ında Mirzə Cavad, "Ulduz, yaxud Ədirnə fəthi"ndə Şeyx, M.F.Axundovun "Xırs quldurbasan"ında Frans Fok, "Müsyo Jordan və Dərviş Məstəli şah"ında Müsyo Jordan, C.Məmmədquluzadənin "Dəli yığıncağı"nda Həmzad Qurban, "Anamın kitabı"nda Rüstəm bəy, Anarın "Səhər yuxuları"nda Doktor Mahmud, "Adamın adamı"nda Fənd Bağır, "Sizi deyib gəlmişəm"ində Mozalan, S.Səxavətin "Qızıl teşt"ində Aleksandr Petroviç, "Gecə döyülən qapılar"da Qəni müəllim və sairə, bir-birindən maraqlı, yadda qalan obrazlar yaradıb.