Deputat: "Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu"


Siyasət 27 Okt 2018 09:15:00 291 0

Deputat: "Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu"

"VI Bakı Beynəlxalq Humanitar Forumu Ermənistanın işğalçı olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm tribuna oldu".

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi artıq ənənə halını alıb: "2008-ci il "Bakı Prosesi" ilə başlayan belə mühüm beynəlxalq tədbirlər ardıcıl olaraq keçirilməklə beynəlxalq əməkdaşlıq platforması kimi çıxış edir. Belə tədbirlər istər regional, istərsə də qlobal əməkdaşlıq baxımından olduqca mühümdür. Bakı Beynəlxalq Humanitar Forumuna dünya dövlətlərinin və beynəlxalq təşkilatların marağının artması onunla əlaqədardır ki, hazırda dünya ölkələrinin bir araya gələcəyi və mövcud problemləri müzakirə edəcəyi belə bir məkan demək olar ki, yoxdur. Yalnız Azərbaycanın həyata keçirdiyi unikal xarici siyasət nəticəsində ölkəmiz qlobal dialoq məkanına çevrilə bilib. Humanitar Forumun keçirilməsi və ona marağın olması üçün ilk növbədə bu Foruma ev sahibliyi edən ölkənin humanist dəyərlərə söykənən cəmiyyəti, multikultural və tolerant həyat tərzi olmalıdır ki, iştirakçı ölkələr də bunu bir nümunə hesab edərək məhz humanitar problemlərin müzakirə olunduğu bir məkan kimi buraya üz tutsunlar. Bu mənada Azərbaycanın sözün həqiqi mənasında öz humanist dəyərləri, regionda həyata keçirdiyi sülhpərvər siyasətlə belə bir platformaya ev sahibliyi etməyə artıqlaması ilə haqqı var".

O xatırladıb ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" çağırışı olub: "Hazırkı beynəlxalq münasibətlər sistemində mövcud olan şərtlərə diqqət yetirsək görəcəyik ki, 21-ci əsrdə yeni düşüncəyə sahib humanist dəyərləri, yeni siyasi mədəniyyəti mənimsəmiş insanların "yeni dünya" yaratmasına ehtiyac var. Əks təqdirdə, 20-ci əsrin sonlarından başlayaraq bu günə qədər davam edən qarşıdurmalar, müharibələr, toqquşmalar, ksenofobiya, islamofobiya kimi radikal tendensiyalar sülhün mövcud olduğu bir beynəlxalq münasibətlər nizamını inşa etməyə imkan vermir. Azərbaycanın ev sahibliyi etdiyi Beynəlxalq Humanitar Foruma böyük diqqət göstərilir, çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar burada həvəslə iştirak edirlər. VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak etdi. Bu platforma təkcə beynəlxalq subyektlərin və milli aktorların dialoqu deyil, eyni zamanda buraya təşrif buyuran 86-dan çox ölkənin, o cümlədən 24-ə qədər beynəlxalq təşkilatların bir-biri ilə dialoq platformudur. Bu isə tədbirin əhəmiyyətini daha da artırır".

Millət vəkili qeyd edib ki, bu cür beynəlxalq tədbirləri keçirməkdə Azərbaycanın başlıca məqsədi Azərbaycan həqiqətlərini, həyat tərzini, tolerantlığını, multikulturalizmini, o cümlədən Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi faktını dünyaya çatdırmaqdır: "Ən əsası, bu problemin həlli ilə bağlı Azərbaycanın sülhpərvər mövqeyini göstərməkdir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməyə qadir olduğunu hər kəs bilir. Ancaq Azərbaycan bu problemin sülh yolu ilə həllində maraqlıdır. Ona görə də dünya ictimaiyyəti bunu qiymətləndirməlidir və Ermənistana təzyiq etməlidir ki, bu işğalçılıq siyasətinə son qoysun".

H.Babaoğlu əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev VI Bakı Beynəlxalq Humanitar Forumunda çıxış edərək məhz bu həqiqətləri bir daha diqqətə çatdırdı, xalqımızın multikultural və tolerantlıq keyfiyyətini formalaşdıran tarixi əsaslara toxundu. Azərbaycanda tarixən mövcud olan atəşpərəstlik, xristian və islami dəyərləri, dini-etnik rəngarəngliyi milli zənginliyimiz kimi izah etdi:

"Dövlət başçısı bu gün dünyanın gözü qarşısında böyük sivilizasiya yaratmış bir xalqa qarşı ermənilərin törətdiyi soyqırımı, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğala məruz qaldığını dilə gətirdi. Düşünürəm ki, Forum Ermənistanın işğalçı ölkə olması həqiqətinin dünyaya çatdırılması baxımından mühüm bir tribuna oldu. Regionda və beynəlxalq məkanda təhlükəsizliyi təhdid edən risklərin həddindən çox olduğu bir vaxtda Azərbaycanın belə bir Foruma ev sahibliyi etməsi, humanitar dəyərləri, insani duyğuları önə çəkməsi bir daha dünyaya çağırış kimi yadda qaldı. Belə tədbirlər heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq nüfuzuna xidmət etməklə bərabər, həm də dünya ictimai rəyində Azərbaycan haqqında həqiqətlərin formalaşmasına əsaslı zəmin yaradır".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.