Bu il 132 tondan artıq narkotik tərkibli bitkilər


Digərləri 27 Okt 2018 08:47:00 288 0

Bu il 132 tondan artıq narkotik tərkibli bitkilər

Bu il 9 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, İşçi Qrupdan verilən məlumata görə, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilib ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunub.

Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100% və 18788 ədəd həb təşkil edib.

Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 421 ha 46 sot ərazidən 132 ton 165 kq 418 qr (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.