Alimlər insan orqanizmində mikroplastik zərrəciklər olduğunu sübut ediblər


Digərləri 26 Okt 2018 23:12:00 405 0

Alimlər insan orqanizmində mikroplastik zərrəciklər olduğunu sübut ediblər

Müasir həyatımızı plastik maddədən hazırlanmış məmulatlarsız təsəvvür etmək mümkün deyil. Gündəlik olaraq istifadə etdiyimiz su butulkalarından tutmuş diş fırçasına qədər bir çox əşyalar plastik maddələrdən istehsal olunur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ilk dəfə avstriyalı alimlər yüksək dərəcədə plastik materiallardan istifadənin insan orqanizmində izlər qoyduğunu sübuta yetiriblər. Vyana Tibb Universiteti və Federal Ekologiya İdarəsinin tədqiqatçıları altı ölkə üzrə apardıqları analizlər nəticəsində bütün şəxslərin orqanizmində mikroplastik hissəciklərə rast gəliblər.

Vyana Qastroenterologiya Konqresində təqdim edilən nəticələrdə hələlik cəmi 8 nəfər üzərində test aparıldığı və pilot layihənin yaxın gələcəkdə sayca və sosial tərkibcə fərqli qruplara tətbiq ediləcəyi bildirilib. Alimlər fərqli ölkələrdən olan 8 nəfərin hamısının orqanizmində ölçüsü 5 mm-dən az olan mikroplastik hissəciklərə rast gəlinməsini olduqca həyəcanverici bir siqnal olduğunu vurğulayıblar. Hər gün plastik qablarda təqdim olunmuş yeməklərlə qidalanan və gün ərzində azı 750 qr plastik butulkadan su içən şəxslərin orqanizmində müxtəlif plastik maddələr (əsasən polipropilen və polietilentereftalat) aşkarlanıb.

Alimlər hesab edirlər ki, dünya dəniz və okeanların plastik tullantılarla çirkləndirilməsi dəniz heyvanları vasitəsilə plastik maddələrin gündəlik qida rasionumuza daxil olmasına şərait yaradır.