ƏbuDabidə yeni məkanın təntənəli açılışı olacaq FOTO


Digərləri 26 Okt 2018 22:35:00 323 0

ƏbuDabidə yeni məkanın təntənəli açılışı olacaq  FOTO

Möhtəşəm "Əl-Hüsn" kompleksinin təntənəli açılış mərasimi 2018-ci il dekabrın 7-nə nəzərdə tutulub. Əl-Hüsn Əbu-Dabinin orijinallığı ilə daim turistləri cəlb edən məhəlləsidir. Son.az AZƏRTAC-a istinadən bildirir ki, kompleks özündə Qəsr əl-Hüsn deyilən tarixi qalanı, Mədəniyyət Mərkəzini, Milli Məşvərət Şurasının binasını, habelə Sənət Evini birləşdirəcək. Rəsmi açılış mərasimi uzunmüddətli şənliklər, Əbu-Dabinin zəngin tarixinə və mədəniyyətinə həsr olunmuş tədbirlərlə müşayiət olunacaq.

Qoruyub saxlamaq və çoxaltmaq...

Qəsr əl-Hüsn Əbu-Dabinin qocaman və ən mühüm mədəni irs obyektidir. Burada iki tarixi bina yerləşir. Tarixi 1795-ci ilə gedib çıxan İç qala və 1940-cı illərində inşa edilmiş Bayır saray. Əbu-Dabi tarixinin şahidi olan İç qala son iki əsrdə hakim ailənin iqamətgahı, hökumət, Məşvərət Şurası iclaslarının keçirildiyi, dövlət arxivlərinin saxlanıldığı məkan olub. Qəsr əl-Hüsn irimiqyaslı və əsaslı bərpa-konservasiya işlərindən sonra muzeyə - vaxtilə yerində balıqçı qəsəbəsi olan şəhərin zəmanəmizə qədər inkişafının tarixini izləməyə imkan verən milli əhəmiyyətli abidəyə çevrilib.

Mədəniyyət Mərkəzinin bərpa edilmiş və yenilənmiş salonlarında maraqlı sərgilər, konsertlər təşkil olunacaq, habelə regionda ilk uşaq kitabxanası açılacaq. Mədəniyyət Mərkəzinin açılışı mərhələli şəkildə həyata keçiriləcək. Məsələn, dekabrın 7-də Təsviri Sənət Mərkəzi istifadəyə veriləcək. Mərkəz yerli rəssamları daim yeni-yeni əsərlər yaratmağa ruhlandıran bu binanın tarixinə həsr olunmuş sərgi təqdim edəcək. Burada sərgi salonları və rəssam studiyaları yerləşəcək. Daha iki obyektin - teatrın və uşaq kitabxanasının açılışı 2019-cu ildə gözlənilir.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin sədri Məhəmməd Xəlifə Al-Mübarək deyib: "Qəsr əl-Hüsn bizim ən birinci binamızdır. Bu bina inşa edildiyi vaxtdan bu günə qədər Əbu-Dabinin tarixini izləməyə imkan verir. Qəsr əl-Hüsn daim dəyişən şəhərimizin rəmzidir, kollektiv yaddaş xəzinəsidir. Onun təkrar açılışı həm Əbu-Dabi, həm də bütövlükdə BƏƏ vətəndaşları üçün əlamətdar hadisədir. Biz Əbu-Dabinin, BƏƏ-nin və bütün regionun mədəni landşaftında həmişə birləşdirici rol oynayan Mədəniyyət Mərkəzinin qapılarını yenidən böyük həyəcan hissi ilə açacayıq. Biz "Əl-Hüsn" kompleksi sayəsində vətəndaşlarımızda bu qədim və bənzərsiz mədəniyyətin daşıyıcısı olmaq hisslərini gücləndirməyə ümid bəsləyirik. Bu yer keçmişimizi əks etdirməklə, onu indimizlə birləşdirir və Əbu-Dabinin gələcəyini formalaşdırmaqda bizə kömək edir".

Qaladan muzeyə...

"Əl-Hüsn" tarixi mədəniyyət obyekti elə şəkildə layihələndirilib ki, Qəsr əl-Hüsn qala-sarayını sahil landşaftı fonunda, şəhərin sürətli inkişafının şərtləndirdiyi urbanizm mühitində bərpa etmək mümkün olsun. Bu, həm Əmirliklərin tarixi irsinə ehtiramın əlaməti, həm də onların eyniyyətinin istər keçmiş, istərsə də indi vasitəsilə ifadəsidir. 

Kompleks inkişaf planı çəpinə bölünmüş iki hissəni nəzərdə tutur. Onların hər biri öz bənzərsizliyi və müstəsnalığı ilə seçilir. Bir tərəfdən, Qəsr əl-Hüsn qala-sarayı ətrafında tarixi hissə yerləşir. Bu hissə sahilyanı səhranın təbii landşaftlı qumsal düzənliyi fonunda tənha binanı ilkin görkəmində təqdim edir. Digər tərəfdən, Mədəniyyət Mərkəzi ətrafında müasir hissə yerləşir. Əbu-Dabinin mədəni-tarixi irsinə həsr olunmuş bu hissə şəhər şəbəkəsi prinsipi üzrə planlaşdırılıb, həndəsi fiqurlar və düz xətlərlə bəzədilib. Həmin hissə müxtəlif mədəniyyət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulub.

Qəsr əl-Hüsn Əbu-Dabi və onun xalqı üçün xüsusi əhəmiyyət daşıyır. "Hüsn" adı 1795-ci ildə inşa edilmiş ilk əsaslı tikilidən, 1760-cı illərdə bu adada yaranmış kəndin müdafiəsi üçün mərcandan və dəniz daşından inşa edilmiş keşikçi qülləsindən ibarət İç qalaya aiddir. "Qəsr" sözü 1940-cı illərdə Şeyx Şahbat bin Sultan Al Nəhyan tərəfindən İç qala ətrafında hakim ailənin iqamətgahı və əmirin məclisinin iclaslarının keçirilməsi yeri kimi inşa edilmiş Bayır saraya aiddir. Şeyx Şahbat bin Sultan Al Nəhyanın hakimiyyəti dövründə mirvari çıxarmaqdan neft hasilatına doğru iqtisadi keçid olub. Sonrakı onilliklər ərzində Qəsr əl-Hüsn qala-sarayın strukturu və funksiyaları tədricən dəyişib və o, siyasi hakimiyyət mərkəzindən və hakim ailənin evindən şəhərin mədəniyyət mərkəzinə çevrilib.


Xəbərə aid fotolar