Vətəndaşlara qarşı yeni mobil fırıldaq


Digərləri 26 Okt 2018 21:04:00 259 0

Vətəndaşlara qarşı yeni mobil fırıldaq

Son zamanlar mobil telefon istifadəçiləri qəribə halla üzləşirlər. Belə ki, "Bakcell" abonentlərinə müxtəlif nömrələrdən zəng gəlir və zəng edən şəxs özünü "Bakcell" şirkətinin nümayəndəsi kimi təqdim edir.

Sonra müştəriyə bildirir ki, artıq mobil telefonlarda 3G xidməti dayandırılır və müştəri 4G-yə keçməlidir. Bunun üçün isə müştəri şəxsiyyət vəsiqəsinin surətini "Whatsapp" vasitəsi ilə ona zəng olunan nömrəyə göndərməlidir.

Daha sonra o da əlavə olunur ki, müştəri "Bakcell"-in müştəri xidmətlərinə getsə, həmin xidmət ona pullu göstəriləcək. Onlayn qaydada isə xidmətin ödənişsiz olacağı qeyd olunur.

Bu problemlə qarşılaşan müştərilərdən biri də Səbinə Əliyevadır.

Son.az bildirir ki, üzləşdiyi vəziyyətin araşdırılması üçün Sputnik Azərbaycan-a müraciət edən S.Əliyeva bunları deyib: "Mənə zəng edib nömrəmi dəyişməli olduğumu dedilər. Əks halda 3G-dən istifadə edə bilməyəcəyimi bildirdilər. Onlara dedim ki, istəmirəm, lazım olsa, özüm müştəri xidmətlərinə yaxınlaşaram. Amma onlar israr etdilər. Bir neçə dəqiqə keçəndən sonra isə mənə "WhatsApp"-dan yazmağa başladılar. Xahiş edirəm ki, bu məsələni araşdırıb, mənə məlumat verəsiniz".

Məsələni aydınlaşdırmaq üçün "Bakcell" şirkətinə sorğu göndərdik. Şirkətdən sorğumuza cavab olaraq bildirildi ki, "Bakcell" şirkəti heç bir halda öz abunəçiləri ilə "WhatsApp" və yaxud digər kənar messencerlər vasitəsi ilə əlaqə saxlamır: "Abunəçilərə çatdırılacaq bütün zəruri məlumatlar operator tərəfindən yalnız SMS məlumatlandırma, sistem mesajları, şirkətin rəsmi internet səhifəsi və sosial şəbəkələrdə rəsmi hesabları və yaxud ölkənin aparıcı mətbuat orqanları vasitəsilə çatdırılır".