Ramil Usubov: Şəxsi heyət tərəfindən vətəndaş hüquq və azadlıqların pozulması barədə müraciətlər Nazirliyin diqqət mərkəzindədir


Digərləri 26 Okt 2018 20:08:00 285 0

Ramil Usubov: Şəxsi heyət tərəfindən vətəndaş hüquq və azadlıqların pozulması barədə müraciətlər Nazirliyin diqqət mərkəzindədir

Ramil Usubov BMT Baş katibinin köməkçisini qəbul edib.

Bakı. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin qanunun aliliyi və təhlükəsizlik institutları üzrə köməkçisi Aleksandr Zuyevi qəbul edib. Nazirlikdən Trend-ə verilən məlumata görə, R.Usubov son illər respublikamızın çoxsaylı beynəlxalq ictimai-siyasi, mədəni və idman tədbirlərinə ev sahibliyi etməsindən, A.Zuyevin belə mötəbər toplantılardan olan VI Bakı Beynəlxalq Humanitar Forumunda iştirakından məmnunluğunu ifadə edib. Respublikamızın artıq 26 il müddətində Birləşmiş Millətlər Təşkilatının üzvü olduğunu nəzərə çatdıran R.Usubov dünyanın bu ən mötəbər beynəlxalq təşkilatının ölkəmizdə fəaliyyət göstərən strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əlaqələrin mövcudluğunu xatırladıb. O, ikitərəfli münasibətlərin daha da genişləndirilərək çoxşaxəli əməkdaşlığa çevrilməsi və Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutması üçün olduqca fəal iş aparıldığını, qlobal sülh və təhlükəsizliyin qorunması üçün məsul olan bu qurumun daha səmərəli fəaliyyət göstərməsinə respublikamızın öz töhfəsini verdiyini vurğulayıb. Daha sonra DİN-in əsas hüquq və vəzifələri, mövcud kriminogen durum, müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında aparılan islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində qazanılan uğurlar barədə qonağa məlumat verilib.