Vüqar Rəhimzadə: VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır


Digərləri 26 Okt 2018 19:05:00 201 0

Vüqar Rəhimzadə: VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır

VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır.

Bakı. Samir Əli - VI Bakı Beynəlxalq Humanitar Forumu bir daha təsdiqlədi ki, Azərbaycan mühüm məsələlərin müzakirə olunduğu önəmli məkandır. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkəmizin ev sahibliyi etdiyi VI Beynəlxalq Humanitar Forumun yekunları ilə bağlı açıqlamasında bildirib. Baş redaktor deyib ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib: "Bu reallığı da qeyd etməliyik ki, əvvəllər həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün bu və ya digər ölkələrə səfər etməyə ehtiyac yaranırdısa, bu gün hər həftə, hər ay Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə bu istəyini gerçəkləşdirir. Dövlətimizin xarici siyasətinin çevikliyi və açıqlığı istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafına və yeni istiqamətlər üzrə davam etdirilməsinə yol açır. Ümumilikdə bu uğurlarımız düşünülmüş və məqsədyönlü siyasətimizdən, eyni zamanda, Azərbaycanın yerləşdiyi coğrafi məkandan və malik olduğu təbii resurslardan səmərəli istifadəsindən qaynaqlanır". V.Rəhimzadə qeyd edib ki, Azərbaycan müasir dünyanın bütün çağırışlarını yüksək səviyyədə cavablandırır, qarşıya qoyulan məqsədlərə çatmaq üçün birgə səylərin, təcrübə mübadiləsinin zəruriliyini əsaslandırır. Azərbaycanın tolerantlıq, multikulturalizm təcrübəsi dünyaya nümunədir, ölkəmiz daim İslam həmrəyliyinə, multukultural cəmiyyətlərin formalaşmasına davamlı töhfələr verir. YAP Siyasi Şurasının üzvü bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Forumdakı nitqində də dünyaya önəmli mesajlar öz əksini tapıb: "Belə ki, Azərbaycanın humanitar fəlakətlə üzləşdiyini vurğulayan cənab İlham Əliyev işğalçı Ermənistanın beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozduğunu tədbir iştirakçılarının diqqətinə çatıraraq, bir daha dövlətimizin dəyişməz mövqeyini bəyan etdi. Azərbaycan heç vaxt işğalla barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bunu tarixi ədalət və beynəlxalq hüquq tələb edir".