VI Beynəlxalq Humanitar Forumunun "yalan xəbər" müzakirəsi aparan digər tədbirlərdən fərqi


Siyasət 26 Okt 2018 17:48:00 285 0

VI Beynəlxalq Humanitar Forumunun "yalan xəbər" müzakirəsi aparan digər tədbirlərdən fərqi

Bakı Forumu “erməni yalanları”nı dünyaya “beynəlxalq nümunə” kimi təqdim etdi

Ümumilikdə VI Bakı Beynəlxalq Humanitar Forumu, ayrılıqda isə, Forum çərçivəsində keçirilən işçi sessiyalar, həm Azərbaycan, həm də dünya ictimaiyyətinə ciddi faydalar verdi.

Forumun açılışında Prezident İlham Əliyev çıxış etdi və ölkəmizin həm inkişafı, həm dünya üçün əhəmiyyəti, həm də erməni problemləri barədə ciddi mesajlar verdi. Foruma qatılan Dünya Xəbər Agentlikləri Konqressinin üzvləri bütün bunları xəbərə çevirərək yaydılar. Forumda iştirak edən 581 nümayəndənin hər biri xəbər istehsalçısı və yayıcısıdır. Kimisi peşəkər media qurumunda çalışır, kimisi də aktiv sosial şəbəkə istifadəçiləridirlər. Onların peşəkar media qurumlarında və sosial şəbəkələrdə istər Forum, istərsə də Forumun keçirildiyi məkan olaraq Azərbaycan haqqında yaydıqları informasiyalar ölkəmizin həqiqətələrinin dünya ictimaiyyətinə çatdırılması yönündən mühüm addımdır. Bu baxımdan Forum çərçivəsində gerçəkləşdirilən "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid" adlı sessiyanı xüsusi vurğulamaq olar. Sessiyanın mövzusu, beynəlxalq terminlə desək, "Fake news" problemi dünyanın bir nömrəli çağırışları sırasındadır. BMT, Avropa Şurası, ATƏT daxil olmaqla bütün qlobal təşkilatların prioritet  müzakirələri sırasında "yalan məlumat" mövzusu birinci yerdə durur.

Bu mövzunun VI Bakı Beynəlxalq Humanitar Forumunun də əsas müzakirələrindən biri olması təsadüfi deyil. Hesablamalara görə, yalan xəbərlər dünyada istehsal olunan gündəlik xəbərlərin orta hesabla 24-50%-ni təşkil edir. ABŞ prezidenti Donald Tramp "yalan xəbər"i ABŞ üçün ciddi təhdid adlandırdı və bu fakta qarşı mübarizənin zəruri olduğunu rəsmi siyasətə, fəaliyyətə çevirdi. Amma "yalan xəbər" ayrı-ayrı fərdlər və ölkələr üçün deyil, bəşəriyyət üçün təhdiddir. Azərbaycan da "yalan xəbər"dən əziyyət çəkən ölkələr sırasındadır. Uzun illərdir ki, Azərbaycan torpaqları işğala məruz qalıb, ağır qaçqın, məcburi köçkün problemini təkbaşına çözməyə məhkum edilib. Bu azmış kimi, qlobal informasiya hücumuna məruz qalıb, haqlı olduğu halda, haqsız çıxarılmasına cəhd edilib. Təkcə "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişi xatırlamaq kifayətdir ki, Azərbaycanın necə informasiya təxribatına və ədalətsiz yanaşmaya məruz qaldığını isbatlamaq mümkün olsun.

VI Bakı Beynəlxalq Humanitar Forumunu digər qlobal tədbirlərdən fərqləndirən cəhət bu oldu ki, burada "yalan xəbər"in yaranması səbəbləri və hədəfləri çılpaqlığı ilə müzakirə edildi: "Yalan xəbər"  müəllifiliyinin məsuliyyəti yalnız "naşı internet istifadəçiləri"nin, "sosial şəbəkələrdəki savadsızların" üzərinə qoyulmadı. Açıq şəkildə qeyd edildi ki, əksər hallarda "yalan xəbər"lər  qlobal şəbəkələr, aparıcı güc mərkəzləri tərəfindən idarə və himayə olunur. Bizim üçün faydalı olan budur ki, həmin "yalan xəbər" idarəçiləri sırasında erməni lobbi təşkilatlarının adı da qeyd edildi. Vurğulandı ki,  "2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək, Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırıblar". Növbəti çıxışlarda məsələ bir qədər də konkretləşdirildi: "Qərb mətbuatı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini və bölgənin təbiətinə vurduğu ziyanı kifayət qədər işıqlandırmır, əvəzində Azərbaycanın ziyanına olan yalan məlumatlar yayır". Bu, artıq  "Fake news" probleminə yeni yanaşmadır. Dünyanın "yalan xəbər" probleminin köklərinin daha dərin olduğunun açıqlanmasıdır. Məsələnin mahiyyəti ondadır ki, VI Bakı Beynəlxalq Humanitar Forumunun müzakirə mövzusu  Azərbaycan və ya onun "yalan xəbər" təxribatına məruz qalması deyil. Müzakirə mövzularından biri ümumilikdə "Fake news" problemidir və Azərbaycanın məruz qaldığı informasiya təxribatı bir "case", nümunə olaraq istifadə edildi. Deməli, VI Bakı Beynəlxalq Humanitar Forumu gələcəkdə "Fake news" müzakirəsi keçirəcək beynəlxalq təşkilatlara yeni bir "case" - nümunə verdi.

Önəmli məqamlardan biri də budur ki, "yalan xəbər"in ziyanının isbatı üçün hazırlanmış "Azərbaycan nümunəsi"nin müəllifləri Forumda iştirak edən xarici qonaqlar, nüfuzlu şəxslərdir. Bu sırada Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyevi və amerikalı ekspert, Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru Piter Teysi göstərmək olar.

Müşfiq Ələsgərli Son.az