Məktəb direktoru olmaq istəyənlər!


Digərləri 26 Okt 2018 16:20:00 288 0

Məktəb direktoru olmaq istəyənlər!

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə 700-ə yaxın vakant yer çıxarılacaq. Bütün regionlar üzrə vakant yerlər var. Ən çox boş qalan direktor yeri isə cənub zonasındakı məktəblər üzrədir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi" qəzetinə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov məlumat verib: "Təhsil naziri Ceyhun Bayramovun "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə" əmrinə əsasən, "Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları" təsdiq edilib".

E.Bağırov bildirib ki, yeni qaydalara əsasən, bu il ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə bəzi dəyişikliklər edilib: "Dəyişikliklər müsabiqənin əsasən test və yerləşdirmə mərhələlərindədir. Hər il qaydalarda yeniliklər tətbiq edilir. Builki müsabiqədə də yeni qayda müəyyənləşib. Belə ki, təhsil nazirinin oktyabrın 18-də imzaladığı 716 nömrəli əmrinə əsasən, təqvim ilinin sonunadək müsabiqənin yekunlaşdırılması nəzərdə tutulub. Bu məqsədlə artıq müsabiqə, müsahibə və apelyasiya komissiyaları yaradılıb".

Təsdiq edilən qaydalara görə, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 illik təcrübə ilə də direktorluğa namizəd olmaq mümkündür.

E.Bağırov qeyd edib ki, direktorların işə qəbulu üzrə müsabiqədə ikili format tətbiq olunu: "Belə ki, Bakı şəhərində direktor vəzifəsinə keçirilən müsabiqədə iştirak etmək üçün namizədlər ilk növbədə müvafiq ali təhsil müəssisələrində təşkil edilən xüsusi təlimlərdən keçməlidirlər. Maliyyə, statistika, əmək və təhsil qanunvericiliyinə aid mövzuları əhatə edən təlimlərdən keçənlər Bakı şəhərindəki ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə namizədliyini verirlər. Müsabiqənin elektron ərizə qəbulu, test, vakansiya seçimi və müsahibə mərhələsində uğurla iştirak edənlər Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində direktor vəzifəsinə təyin oluna bilərlər. Digər rayon və şəhərlərdə təlimlər təşkil olunmur".

Direktorların işə qəbulu müsabiqəsinin 2018-ci ilin oktyabr-dekabr aylarında keçirilməsi planlaşdırılır. Bu günlərdə müsabiqənin başlanılması ilə bağlı Nazirliyin saytında elan veriləcək. Müsabiqə üçün ayrıca rəsmi internet səhifəsi yaradılacaq. Namizədlər həmin səhifə vasitəsi ilə elektron qaydada qeydiyyatdan keçəcək və elektron ərizəsinin sonunda elan edilən vakant yerlərdən 4 yer qeyd edə biləcəklər. Ancaq yerləşdirmə zamanı namizədin şansı 4-dən çox olacaq. E.Bağırov bunu qaydalarda edilən dəyişikliklə əlaqələndirib: "Namizəd elektron ərizəsində vakant yerləri seçdiyi vaxtdan müsahibəyə gəldiyi vaxtadək kifayət qədər müddət keçir. Həmin müddət ərzində əlavə vakant yerlər yaranır. Yəni, namizədin elektron ərizə ilə müraciət etdikdən sonrakı dövrdə həmin ərazidə yaranan yeni vakant yerlər barədə nazirlikdə məlumat olur və direktorluğa namizədə həmin yerlər də təklif edilə bilər".

Bu şansların heç biri reallaşmadığı təqdirdə isə proses köhnə qaydada davam edir. Belə ki, müsabiqənin bütün mərhələlərini uğurla başa vuran, ancaq yekunda seçdiyi vakant yerlərə yerləşdirilməyənlər ehtiyat kadr siyahısına daxil olur. Test imtahanı mərhələsində əldə etdiyi nəticələri 2 il qüvvədə olan namizədə bu müddət ərzində yeni yaranan vakant yerlər də təklif oluna bilər. Ehtiyat kadr siyahısında olanlar indiyədək ya yerləşdirilib, ya da onlara təklif olunan yerlərdən imtina ediblər. Odur ki, hazırda ehtiyat kadr siyahısında təyinatını gözləyən namizəd yoxdur. Həmin siyahıda olan və təklif edilən yerlərdən imtina edənlər müsabiqəyə yenidən qatılmalıdırlar".

Namizəd vakansiya seçərkən özünün işlədiyi təhsil müəssisəsinin yerləşdiyi rayon üzrə vakant yerləri seçə bilər. Bəs, müsabiqə komissiyası qərar verərkən üstünlüyü kimə verir?